Qusar rayonunda taxıl biçini uğurla davam edir
28 iyul 2026 | 18:52
Biçin kampaniyasının operativ və itkisiz aparılması məqsədilə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi yanında yaradılmış qərargah tərəfindən sahələrdə mütəmadi monitorinqlər həyata keçirilir, fermerlərlə yerində görüşlər keçirilir və proses nəzarətdə saxlanılır.
Cari ildə rayonda ümumilikdə 18875,6 hektar sahədə taxıl əkilib. İyulun 28-dək 17060 hektar sahədə biçin işləri uğurla başa çatdırılıb ki, bu da ümumi əkin sahələrinin 90,4 %-ni təşkil edir. Orta məhsuldarlıq hər hektardan 26 sentner təşkil edir. Biçilmiş sahələrin 7425 hektarını buğda sahələri təşkil edir ki, bu da ümumi buğda əkinlərinin 80,8 faizinə bərabərdir. Buğda sahələrində orta məhsuldarlıq 29,4 sentner təşkil edir. Biçilmiş buğda sahələrindən 21829,5 ton məhsul əldə edilib. Arpa sahələrində isə biçin demək olar ki, yekunlaşıb. Belə ki, 9635 hektar arpa sahəsi biçilib ki, bu da ümumi arpa əkinlərinin 99,5 %-ni təşkil edir. Həmin sahələrdən 23027,17 ton məhsul əldə edilib.
Hazırda rayonda biçin prosesinə 50 ədəd kombayn cəlb olunub. Hava şəraitinin əlverişli keçəcəyi təqdirdə, taxıl biçininin avqust ayının ilk ongünlüyündə yekunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu günədək Qusar rayonunda taxıl sahələrindən ümumilikdə 44857,12 ton məhsul yığılıb və biçin kampaniyası uğurla davam edir.






