Qusar rayonunda teatr mövsümünün möhtəşəm bağlanış mərasimi keçirilib
18 iyul 2025 | 22:46
Azərbaycanın çoxəsrlik teatr ənənələri bölgələrimizdə də yüksək səviyyədə yaşadılır və inkişaf etdirilir. 17 iyul 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və Qusar Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə Qusar rayonunda teatr mövsümünün bağlanış mərasimi baş tutub.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar, mədəniyyət işçiləri və teatrsevərlər iştirak etmişdirlər.
Tədbir çərçivəsində Respublikada fəaliyyət göstərən 26 dövlət teatrının adlarının əks olunduğu xüsusi tematik tablolar nümayiş etdirilmiş, peşəkar aktyorlar tərəfindən Mirzə Fətəli Axundzadənin “Hacı Qara” və Sabit Rəhmanın “Hicran” komediyalarından səhnələr, milli rəqs nümunələri təqdim olunmuş, müğənnilərin ifasında məşhur tamaşalara bəstələnmiş musiqilər ifa edilmişdir. Mövsümün bağlanış mərasimi Çingiz Aytmatovun “Cəmilə” əsəri əsasında hazırlanmış tamaşa ilə başa çatmışdır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov tədbirdə çıxış edərək, Azərbaycan Milli Teatrının 152 illik yubileyi və Qusar Dövlət Ləzgi Dram Teatrının yaradılmasının 33-cü ildönümü münasibətilə teatr rəhbərliyi başda olmaqla bütün yaradıcı heyəti təbrik etmiş, onlara gələcək fəaliyyətlərində yeni yaradıcılıq nailiyyətləri və uğurlar arzulamışdır. İcra başçısı teatrın Qusar rayonunun mədəni həyatında mühüm rol oynadığını qeyd edərək, bu mədəniyyət ocağının milli dəyərlərin, klassik ədəbi irsin yaşadılması və təbliğindəki xidmətlərini yüksək qiymətləndirib. Teatrın mövcud potensialının daha da gücləndirilməsi üçün İcra Hakimiyyəti tərəfindən bundan sonra da maddi və mənəvi dəstəyin davam etdiriləcəyini bildirən rayon rəhbəri Qusar Dövlət Ləzgi Dram Teatrının Qusar rayonunun mədəni kimliyinin ayrılmaz tərkib hissəsi olduğunu qeyd etmişdir.
Tədbir çərçivəsində Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov mədəniyyət sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə, rayonun mədəni həyatının inkişafına verdiyi töhfələrə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmiş, həmçinin xatirə hədiyyəsi təqdim olunmuşdur.






