Qusar rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
08 may 2026 | 17:23
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qusar rayonunun mədəniyyət və ümumtəhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub.
Mayın 6-da Qusar Rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar Lider: Heydər Əliyev – 103” adlı tədbir keçirilib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini əks etdirən kitab sərgisi ilə tanışlıq baş tutub. Rayon Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti ilə bağlı çıxışlar edilib, məktəblilərin ifasında Ümummilli Liderə, Vətənə və dövlətçiliyə həsr olunmuş şeirlər səsləndirilib.
Mayın 7-də Qusar Tarix-Diyarşünaslıq Muzeyində “Mədəni irsin himayədarı: Heydər Əliyev və muzey siyasəti” mövzusunda tədbir təşkil olunub. Tədbir çərçivəsində Ulu Öndərin mədəniyyət sahəsinin inkişafındakı rolu, muzey işinə verdiyi töhfələr və milli-mənəvi dəyərlərin qorunması sahəsindəki xidmətləri geniş müzakirə edilib. İştirakçılar Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı kitab sərgisinə baxış keçirib. Sonda “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi nümayiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.
Silsilə tədbirlər çərçivəsində Qusar Peşə Liseyində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil edilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda gənclərin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti haqqında məlumat verilib. Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan gəncliyinin dövlətçilik ənənələrinə sədaqət ruhunda formalaşmasına xidmət edir. Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub, lisey tələbələrinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib. Sonda tədbir iştirakçıları tələbələrin hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Təhsil müəssisələrində də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Məktəblərdə açıq dərslər və “dəyirmi masa”lar təşkil olunub, inşa müsabiqəsi, şahmat turniri və digər intellektual yarışlar keçirilib, kitab sərgiləri təşkil edilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olunub. Bununla yanaşı, məktəblilərin Rayon Heydər Əliyev Mərkəzinə maarifləndirici ekskursiyaları təşkil edilib, gənc nəsil Ümummilli Liderin zəngin dövlətçilik irsi ilə yaxından tanış olub.






