Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir
12 dekabr 2025 | 16:45
12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qusar rayonunun təhsil və mədəniyyət müəssisələrində Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi və gənc nəslə təlqin olunması məqsədi ilə geniş silsilə tədbirlər təşkil edilmişdir.
Dekabrın 9-da Qusar Rayon Heydər Əliyev Mərkəzində "Azərbaycançılıq Məfkurəsinin Banisi - Heydər Əliyevin Xatirə günü” adlı tədbir keçirilmişdir. Rayon ictimaiyyət nümayəndələrinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının və məktəblilərin iştirakı ilə baş tutan tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Heydər Əliyevin şərəfli həyat yolu, dövlətçilik konsepsiyası, milli maraqlara söykənən siyasi irsi, Azərbaycanın müasir inkişafında oynadığı tarixi və strateji rol barədə iştirakçılara geniş məlumat verilmiş, dahi liderin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Dekabrın 1-dən etibarən Qusar Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən rayonun ümumtəhsil məktəblərində Ulu Öndərin həyat və siyasi fəaliyyəti mövzusunda maarifləndirici məruzələr oxunmuşdur. Məktəblilərə Heydər Əliyev şəxsiyyətinin milli dövlətçiliyimizin formalaşmasındakı müstəsna rolu, Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri, ölkəmizin ictimai-siyasi və sosial inkişafına verdiyi fundamental töhfələr barədə hərtərəfli və sistemli məlumatlar təqdim edilmişdir.
Dekabrın 10-da Qusar Rayon Mərkəzi Kitabxanasında Ümummilli Liderin anım günü münasibətilə “Yaşadan və yaşayan lider” adlı tədbir keçirilmişdir. Tədbir çərçivəsində Heydər Əliyevin siyasi irsinə həsr olunmuş “Azərbaycanın özü qədər əbədi” başlıqlı sərgi təşkil edilmiş, Ulu Öndərin müdrik dövlətçilik məktəbinin mahiyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Eyni zamanda Qusar Dövlət Rəsm Qalereyasında anım gününə dair məktəblilərin əl işlərindən ibarət sərgi təqdim olunmuşdur.
Bununla yanaşı, Ümummilli Liderin anım günü ilə əlaqədar olaraq rayonun ümumtəhsil müəssisələrində də silsilə tədbirlər keçirilmiş, məktəblərdə Ulu Öndərin həyat və fəaliyyəti, dövlətçilik ideyaları, milli-mənəvi dəyərlərimizin qorunması sahəsindəki xidmətləri barədə şagirdlərə geniş məlumat verilmiş, müxtəlif mövzularda təqdimatlar, ədəbi-bədii kompozisiyalar təşkil olunmuşdur.






