Qusar rayonunda ünvanlı dövlət sosial yardımı ilə bağlı icra nümayəndəlikləri ilə maarifləndirici görüş keçirilib
28 avqust 2025 | 19:02
Vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin sosial təminat mexanizmlərinin daha da təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən islahatlar aztəminatlı ailələrin sosial müdafiəsinin daha səmərəli təşkilinə, ünvanlı dövlət sosial yardımının şəffaf və düzgün tətbiqinə xidmət edir.
Məhz bu məqsədlə Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə avqustun 27-də Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının inzibati binasında Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialın əməkdaşlarının iştirakı ilə rayon icra nümayəndəliklərinin təmsilçiləri ilə geniş tərkibdə treninq keçirilmişdir.
Treninq zamanı sosial yardımın təyin olunması üçün əsas şərtlər, gəlir meyarı və qiymətləndirmə mexanizmləri, bu istiqamətdə əhalinin maarifləndirilməsi prosesində icra nümayəndəliklərinin rolu və üzərlərinə düşən vəzifələr geniş şəkildə müzakirə edilib. Qeyd olunub ki, icra nümayəndəlikləri yerli səviyyədə ünvanlı yardım sisteminin düzgün və şəffaf tətbiqində mühüm vasitəçi rolunu oynayır. Onların bu istiqamətdə fəallığı və məsuliyyətli yanaşması yardım proqramının daha səmərəli icrasına imkan verəcək.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, avqustun 28–29-u tarixlərində Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialın əməkdaşları tərəfindən ünvanlı dövlət sosial yardımının təyin olunması ilə bağlı çətinlik çəkən, müraciətinə imtina cavabı almış, yenidən müraciət etmək istəyən, ÜDSY-nın təyinatı ilə bağlı digər çətinlikləri və sualları olan vətəndaşlarla görüş həyata keçiriləcəkdir.






