Qusar rayonunda uşaqların sosial müdafiəsi üçün iki mühüm layihə uğurla icra olunur
25 iyun 2026 | 19:32
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi tərəfindən Qusar rayonunda uşaqların sosial müdafiəsi istiqamətində iki mühüm layihə həyata keçirilir. “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi” məqsədi ilə yaradılan Uşaqlar üçün Günərzi Mərkəzinə hazırda 34 uşaq qəbul olunub. Həmçinin “Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinə 50 nəfər əlilliyi olan uşağın qəbulu nəzərdə tutulub. Hər iki mərkəzə müraciətlərin qəbulu hər gün davam edir. Layihələr cari ilin iyunun 1-dən dekabrın 31-dək davam etdiriləcək.
Layihələrin icra prosesini yaxından izləmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev də mərkəzdə olub, yaradılmış şərait və göstərilən xidmətlərin keyfiyyəti ilə yerində tanış olub, mərkəzin əməkdaşları və uşaqlar ilə həmsöhbət olub. Bildirilib ki, dövlətin sosial siyasətinin əsas prioritetlərindən biri olan uşaqların müdafiəsi və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində bu cür mərkəzlərin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir və belə təşəbbüslər rayon rəhbərliyi tərəfindən də hər zaman dəstəklənir.






