Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Vətən müharibəsi qəhrəmanlarının xatirəsi yad edilmişdir

02 oktyabr 2025 | 19:30
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın xatirəsi xalqımızın yaddaşında daim əziz tutulur. Vətən uğrunda şəhid olmuş hər bir qəhrəmanımızın həyat və döyüş yolu gələcək nəsillərə ötürüləcək mənəvi mirasdır.
Oktyabr ayının 2-də II Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış Qusar rayon şəhidlərinin məzarları ziyarət olunub, əziz xatirələri ehtiramla yad edilib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov şəhidlərin ailələri ilə əlaqə saxlayaraq, qayğıları ilə maraqlanmışdır.
Şəhid Zamanov Sənan Qahir oğlu 17 avqust 1987-ci ildə Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun mayoru olmuş Sənan Zamanov II Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhid Kürəbəyov Mayıl Kamran oğlu 2 aprel 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Mayıl Kürəbəyov II Qarabağ müharibəsində Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, oktyabrın 1-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 2 oktyabr 2020-ci ildə Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Şəhid Balabəyov Ramil Ruslan oğlu 19 fevral 2001-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ramil Balabəyov II Qarabağ müharibəsi zamanı, oktyabrın 1-də şəhid olmuş, oktyabr ayının 2-də Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ölümündən sonra “Laçının azad olunmasına görə”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər