Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

04 oktyabr 2026 | 15:06
Oktyabrın 2-də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Zamanov Sənan Qahir oğlu, Kürəbəyov Mayıl Kamran oğlu və Balabəyov Ramil Ruslan oğlunun şəhadətə ucalmalarının 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Anım mərasimində Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Röyalə Nəsirli Səfərbəyova, şəhid ailələrinin üzvləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları Qusar şəhər Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını ziyarət edərək məzarları üzərlərinə gül dəstələri düzüb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhid Zamanov Sənan Qahir oğlu 17 avqust 1987-ci ildə Qusar rayonunun Çiləgir kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun mayoru olmuş Sənan Zamanov Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmiş, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmış dır. Sənan Zamanov oktyabrın 1-də şəhid olmuş, oktyabrın 2-də Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhid Sənan Zamanov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” medalları, III dərəcəli “Rəşadət” ordeni və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Şəhid Kürəbəyov Mayıl Kamran oğlu 2 aprel 2001-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Mayıl Kürəbəyov Vətən müharibəsində iştirak etmiş, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, oktyabrın 1-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Oktyabrın 2-də Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhid Mayıl Kürəbəyov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Şəhid Balabəyov Ramil Ruslan oğlu 19 fevral 2001-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olmuş Ramil Balabəyov Vətən müharibəsində iştirak etmiş, oktyabrın 1-də şəhid olmuşdur. Oktyabrın 2 - də Qusar şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhid Ramil Balabəyov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər