Qusar rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
21 noyabr 2025 | 18:09
Tədbirdən əvvəl müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidə önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilmişdir.
Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Ardınca Yeni Azərbaycan Partiyasının keçdiyi uzun və şərəfli tarixi yol haqqında videoçarx nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov partiyanın təsis olunmasından, ötən 33 illik fəaliyyətindən, o cümlədən partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıb. Hazırda 6515 nəfər partiya üzvünü öz ətrafında birləşdirən YAP Qusar rayon təşkilatının da ölkəmizin siyasi inkişaf strategiyasına uyğun olaraq öz ardıcıl və sistemli fəaliyyətini davam etdirdiyini vurğulayan David İbramxəlilov ölkəmizdə dövlətçilik ideyalarının ən etibarlı dayağı kimi çıxış edən Yeni Azərbaycan Partiyasının özünün çağdaş mərhələsində strateji hədəflərə yönəlmiş modern idarəetmə modeli, geniş təşkilatlanma şəbəkəsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən fəal üzv kütləsi ilə ölkəmizin siyasi sistemində aparıcı mövqeyini daha da möhkəmləndirdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi aspektlərinə diqqət çəkərək qeyd etmişdir ki, YAP 1992-ci ildə ölkəmizdə mövcud ağır ictimai-siyasi böhran şəraitində ziyalıların təşəbbüsü və Ulu Öndər Heydər Əliyevin liderliyi ilə qurulmuşdur. 21 noyabr 1992-ci il tarixli təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir. Bu gün partiyanın siyasi xəttinin davamlılığı, qarşıya qoyulan milli prioritetlərə sadiqlik və dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar YAP-ın həm ideoloji, həm də təşkilati baxımdan müasir dövrün tələblərinə tam adekvat bir siyasi institut kimi formalaşmasına imkan vermişdir.
Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri, onun müəyyənləşdirdiyi siyasi xəttin tarixi əhəmiyyəti, eləcə də Yeni Azərbaycan Partiyasının keçdiyi yol və daşıdığı strateji missiya barədə geniş məlumat vermişlər.
Daha sonra yubiley yaşı tamam olmuş partiya veteranlarına fəxri fərman və qiymətli hədiyyələr, YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.






