Qusar rayonunda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
17 oktyabr 2025 | 11:41
Oktyabrın 16-da Qusar Peşə Liseyində Qusar Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında radikalizm və ekstremizmə qarşı immunitetin formalaşdırılması, onlara düzgün dini və ictimai dəyərlərin aşılanması olub.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Kamran Sədullayev və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba–Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, radikal düşüncələrin və ekstremist çağırışların yayılmasının qarşısının alınmasında maarifləndirmə əsas rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi, tənqidi düşünmə bacarıqlarının artırılması və sağlam sosial mühitin yaradılması vacibdir. Həmçinin bildirilib ki, radikalizmə qarşı mübarizə yalnız hüquqi tədbirlərlə deyil, həm də ideoloji və mənəvi istiqamətdə aparılmalıdır. Cəmiyyətin sağlam ideoloji təməllər üzərində formalaşması üçün gənclərə düzgün tolerantlıq və dözümlülük dəyərlərinin aşılanması əsas prioritetlərdən biridir.
Maarifləndirici tədbir diskussiya formatında davam etdirilib. İştirakçıların sualları cavablandırılıb.






