Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunda yol infrastrukturunun yenilənməsi və bərpası istiqamətində işlər davam etdirilir

23 sentyabr 2026 | 09:53
 
Qusar rayonunda yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, avtomobil yollarının əsaslı təmiri istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Görülən işlər çərçivəsində həm yeni yol layihələrinin icrası davam etdirilir, həm də müxtəlif səbəblərdən zədələnmiş yol və yol qurğularının bərpası təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin 1 may 2025-ci il tarixli Sərəncamına əsasən, Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri layihəsinin icrasına 2025-ci ildə başlanılmışdır. Hazırda Hiloba, Yasaboba və Əniqoba kəndlərində, eləcə də Xuluqoba kəndinin giriş hissəsində yol yatağının tikintisi və çınqıl örtüyünün döşənməsi işləri aparılır. Zəruri yerlərdə iri diametrli su ötürücü borular quraşdırılmışdır. Quxuroba–Şirvanlı istiqamətində isə 8 kilometrlik hissəyə asfalt-beton örtüyünün birinci qatı salınıb, digər işlərin icrası davam etdirilir.
Rayonda yol infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, əlverişsiz hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görülmüşdür. Cari ilin mart-aprel aylarında müşahidə olunmuş intensiv yağıntılar nəticəsində rayonun ayrı-ayrı ərazilərində yolların və yol qurğularının zədələnməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması məqsədilə müvafiq bərpa işləri həyata keçirilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Evrascon” şirkəti tərəfindən Qusar–Əniq–Laza avtomobil yolunun 35-ci kilometrliyində yolun altından 4 ədəd iri diametrli suötürücü boru quraşdırılmış, 2450 metr uzunluğunda beton örtüklü kuveyt tikilmiş, nəticədə su axınının tənzimlənməsi təmin edilərək yolun hərəkət hissəsi bərpa olunmuşdur. Eyni zamanda, Laza kəndi ərazisində metal konstruksiyalı körpünün tikintisi başa çatdırılmışdır. Laza kəndinə aparan avtomobil yolunun asfalt örtüyünün yenilənməsi də nəzərdə tutulur ki, hazırda yolun hamarlanması işləri aparılır. Bundan əlavə olaraq Laza çayından sentyabrın 3-də yenidən müşahidə edilən palçıq və lil kütləsinin təmizlənməsi işləri həyata keçirilmişdir.
Həzrə–Zuxul avtomobil yolunun 8-ci kilometrliyində sel sularının təsiri nəticəsində yolun sağ kənarı dağılmışdır. Həmin sahədə yol yatağı yenidən qurulmuş, zədələnmiş hissə bərpa olunaraq asfalt örtüyü salınmış və yolun normal istismarı təmin edilmişdir.
Həzrə–Mucuq avtomobil yolunun 6-cı kilometrliyində, Mucuq kəndi ərazisində yerləşən kənddaxili körpünün sel sularının təsiri nəticəsində dağılmış giriş-çıxış hissələri yenidən qurularaq asfaltlanmış, yol yatağı bərpa edilmişdir.
Qusar–Həzrə–Sudur avtomobil yolunun Düztahir ərazisində yol kənarında yerləşən su hövzəsinin daşması nəticəsində kənd ərazisindən keçən avtomobil yolunun müəyyən hissəsi yararsız vəziyyətə düşmüşdür. Problemin aradan qaldırılması və suyun yolun hərəkət hissəsinə axınının qarşısının alınması məqsədilə 150 metr uzunluğunda boru xətti quraşdırılaraq su hövzəsində toplanan artıq suların ərazidən kənarlaşdırılması təmin edilmişdir.
Qusar-Həzrə avtomobil yolunun Yasab kəndi ərazisindən keçən hissəsində sel sularının dağıtdığı suötürücü qurğunun yerinə suötürücülük qabiliyyəti daha çox olan yeni keçid tikilmiş, yola asfalt qatı çəkilməklə gediş-gəliş bərpa edilmişdir.
Eyni zamanda, Sudur kəndi ərazisində Həzrə-Sudur yolunun 33 km-də 18 metr uzunluğunda körpünün tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Keçidlər