Qusar rayonunda Zəfər günü böyük təntənə ilə qeyd edilib
08 noyabr 2024 | 15:23
8 noyabr tarixi ədalətin bərqərar olduğu, haqq savaşımızdan qalib çıxdığımız, parlaq qələbə qazandığımız unudulmaz bir tarixdir.
8 noyabr - Zəfər günü Qusar rayonunda da təntənə ilə qeyd edilib, silsilə tədbirlər həyata keçirilib. Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Milli Məclisin deputatı Azər Badamov, hüquq mühafizə orqanları və bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri ilə birgə rayon Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər. Vətən müharibəsi və antiterror əməliyyatları zamanı həlak olmuş 44 şəhidin simvolu olaraq 44 Eldar şamı ağacı əkilib. Daha sonra rayon Mədəniyyət Mərkəzində şəhid və qazi ailələrinin, ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rəsmi və bədii-musiqili olaraq iki hissədən ibarət “Qarabağa böyük qayıdış” adlı təbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin rəsmi hissəsində çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov bu əlamətdar gün münasibətilə rayon sakinlərini təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazi və Vətən müharibəsi veteranlarına can sağlığı arzulayıb. Rayon rəhbəri nitqində 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirərək bundan sonra da gələcəyə əmin addımlarla irəliləyən güclü xalqımızın, o cümlədən Qusar sakinlərinin Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək birlik nümayiş etdirəcəyinə, yüksək vətənpərvərlik və sədaqət hissləri ilə qələbəmizin möhkəmlənməsinə xidmət edəcəklərinə inamını ifadə edib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov çıxışında qazandığımız parlaq qələbənin Prezidentimizin apardığı uğurlu siyasətin, 44 günlük müharibənin hər günü xalqımıza qələbə sevincini yaşadan Ordumuzun şücaətinin, xalqımızın milli birliyinin nəticəsi olduğunu qeyd edib. Zəfər zirvəsinə gedən yolun çox uzun və çətin olmasına baxmayaraq müharibə şəraitində olan Azərbaycanın ədalətli mövqeyindən bir an olsa belə geri addım atmadığı diqqətə çatdırılıb.
Tədbirin bədii-musiqili hissəsində mədəniyyət nümayəndələrinin ifasında səslənən vətənpərvərlik ruhunda musiqi və bədii qiraət nümunələri, Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının hazırladığı 44 günlük Vətən müharibəsində Ordumuzun şücaəti və xalqımızın milli birliyini əks etdirən səhnəciklər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.