Qusar rayonunda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir
05 noyabr 2025 | 17:42
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən Vətən müharibəsi əsarət altındakı torpaqlarımızın azad olunması ilə nəticələnərək tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmişdir. Sübuta yetirdik ki, Qarabağ Azərbaycandır! Zəfər bizimdir!
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən hər il 8 Noyabr tarixi ölkəmizdə Zəfər Günü olaraq qeyd edilir.
Zəfər Günü münasibətilə respublikamızın bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da silsilə tədbirlər keçirilmişdir.
Noyabrın 4-də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Qusar şəhər Uşaq İncəsənət Məktəbində “Zəfər tarixini yazan oğulları tarixi kitablarda yaşadırıq biz” adlı tədbir keçirilmişdir. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbə, Zəfər Gününün təsis olunması, dövlətçilik bayramlarımız olan 9 Noyabr-Dövlət Bayrağı Günü, 12 Noyabr - Konstitusiya Günü haqqında geniş məlumat vermişlər. Bildirilib ki, bu Zəfər xalqımızın azadlıq arzularını reallığa çevirmiş, müasir Azərbaycanın inkişaf tarixində yeni mərhələnin əsasını qoymuşdur.
Tədbir çərçivəsində Qusar şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Ardınca Azərbaycan Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Oleq Cəfərovun doğum günü münasibətilə Qusar Dövlət Ləzgi Dram Teatrının gənc aktyorları şəhidin anası ilə olan duyğulu dialoqunu səhnəvi kompozisiya şəklində canlandırıblar.
Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, musiqi və rəqs nömrələri təqdim olunmuşdur.
Noyabrın 3-də Zəfər Günü münasibətilə Qusar Dövlət Ləzgi Dram Teatrında Qusar şəhər 4 və 5 saylı məktəblərin şagirdlərinin iştirakı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir çərçivəsində şagirdlər üçün vətənpərvərlik ruhunda səhnəciklər nümayiş etdirilmiş, ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
Noyabrın 5-də Qusar Rayon Mərkəzi Kitabxanasında keçirilmiş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsi yad edilmiş, şagirdlərin ifasında şeirlər səsləndirilmiş, 8 noyabr-Zəfər Gününə həsr olunmuş videoçarx və “Zəfər tarixini yazanlar” adlı sərgi nümayiş etdirilmişdir.






