Qusar rayonunun Avaran və Xürel kəndlərində RİH başçısının növbəti səyyar qəbulları keçirilmişdir
Qusar Rayon İcra Hakimiyyəti başçısının əhalinin müraciətlərinə çevik reaksiya verilməsi, sakinlərin gündəlik qayğılarının yerində öyrənilməsi, onların təklif və müraciətlərinin birbaşa rayon rəhbəri tərəfindən dinlənilməsi məqsədilə həyata keçirilən səyyar görüşləri artıq ənənə halını almışdır.
Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu noyabrın 25-də rayonun Avaran və Xürel kəndlərində baş tutmuşdur. İcra başçısı ilə yanaşı, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin də iştirakı ilə keçirilən görüşlərdə kəndlərdə mövcud sosial-məişət və infrastruktur problemləri yerində müzakirə olunmuş, sakinlərin qaldırdıqları məsələlərin araşdırılması və icrası ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret tapşırıqlar qoyulmuşdur.
Avaran kənd sakinləri səyyar qəbul zamanı sənədsiz evlərin elektrik şəbəkəsinə qoşulması, kəndin məktəb yolunun asfaltlanması, subsidiya ödənişlərinin alınmasında köməklik göstərilməsi, Xürel kənd sakinləri isə kəndin ara məhəllələrində SİP-ləşmə işlərinin yekunlaşdırılması, transformatorların dəyişdirilməsi ilə bağlı müraciətlərini səsləndirmişlər.
Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






