Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Əvəcük kəndinin elektrik enerjisi infrastrukturu tamamilə, Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən 10 KV-luq hava elektrik verilişi xətti yenidən qurulub

07 oktyabr 2025 | 19:23
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində Respublikamızın sosial-iqtisadi tərəqqisinin mühüm elementlərindən olan energetika sahəsinin inkişafına çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib və davam etdirilir.
Oktyabrın 6-da Qusar rayonunun Əvəcük kəndində, oktyabrın 7-də isə Yuxarı Tahircal kəndində elektrik enerjisi infrastrukturunun yenilənməsi istiqamətində görülmüş işlərlə tanışlıq məqsədilə tədbirlər keçirilmişdir.
Tədbirlərdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə və digər təşkilatların rəhbərləri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov, Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev və kəndlərin sakinləri iştirak etmişlər.
Rayonun Əvəcük və Yuxarı Tahircal kəndlərində elektrik enerjisi infrastrukturunun yenilənməsi istiqamətində görülmüş işlərlə tanışlıq məqsədilə keçirilən tədbirlərdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov hər iki kəndin sakinlərini təbrik edərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri xalqın rifahının yaxşılaşdırılmasına xidmət edir. Son illərdə Respublikanın bütün bölgələrində, o cümlədən Qusar rayonunda qaz, su, yol və enerji təminatı sahələrində görülən sistemli işlər əhalinin rahat və təhlükəsiz yaşayışı üçün möhkəm zəmin yaradır. RİH başçısı vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır və bu siyasətin nəticəsində regionlarda sosial-iqtisadi sahələrdə inkişaf müşahidə olunur, kəndlərimizin siması sürətlə dəyişir. Bu istiqamətdə “Azərişıq” ASC-nin də Qusar rayonunda həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Rayon rəhbəri rayonda görülən işlərə görə başda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi olmaqla bütün əməyi keçən qurumlara və şəxslərə öz minnətdarlığını bildirib.
Tədbirlərdə çıxış edən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şimal (Xaçmaz) Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov qeyd edib ki, Əvəcük kəndini elektrik enerjisi ilə təmin edən şəbəkə 1960-1970-ci illərdən başlayaraq uzun illər istifadə nəticəsində fiziki və mənəvi cəhətdən köhnəlmişdi. Ona görə də sakinləri fasiləsiz və keyfiyyətli enerji ilə təmin etmək olmurdu. Odur ki, rayonda yaşayış məntəqələrin etibarlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Əvəcük kəndi də layihəyə daxil edilmiş və kəndin elektrik şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində kənddə 65 ədəd 10 KV-luq və 514 ədəd 0,4 KV-luq dayaqlar quraşdırılmış, 6,3 km AS-50 markalı naqil, 22300 km xüsusi izolyasiya olunmuş kabel xətləri çəkilmiş, 3 ədəd yeni müasir tipli 400 KVA-lıq KTM quraşdırılmış, 284 abonentin sayğac qutusu və giriş xətləri yenilənmiş, həyətlərdə olan sayğaclar çölə çıxarılaraq, itkilərin qarşısı alınaraq abonentlər keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur.
Yuxarı Tahical kəndinin elektrik təminatı şəbəkəsi isə 1960-cı ildə qurulmuşdur. 10 KV-luq Yuxarı Tahircal hava elektrik verilişi xətti Əcəxur 35 KV-lu yarım stansiyadan çıxan 10 KV Sudur xəttindən qidalanırdı. Hava elektrik verilişi xətti meşə ərazisindən keçdiyinə görə cari ilin aprel ayında yağan güclü qar nəticəsində çox sayda dayaqlar aşmış, naqillər qırılmış və hava elektrik verilişi xətti tamamilə sıradan çıxmış, kənd 10 gün elektrik enerjisiz qalmışdır. Yuxarı Tahircal kəndinin elektrik enerjisinin təminatının dayanıqlı olması üçün Yuxarı Qələnxur kəndindən 9 km məsafədən 251 ədəd 10 KV-luq kompozit dayaqlardan, 30 km uzunluğunda xüsusi izolyasiya olunmuş naqildən, 750 ədəd izalyatordan istifadə edilərək yeni xətt çəkilmişdir.
Görülən bu işlər kəndlərdə əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına, həmçinin enerji itkilərinin minimuma endirilməsinə xidmət edir.
Tədbirlərdə çıxış edən Əvəcük və Yuxarı Tahircal kənd sakinləri kəndlərində elektrik enerjisi infrastrukturunun yenilənməsi istiqamətində görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə, rayon və “Azərişıq” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, ölkə başçısının regionlara olan diqqəti və qayğısı hər bir vətəndaş tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Keçidlər