Qusar rayonunun Hil kəndində güləş zalının açılışı baş tutub
Qusar rayonunun Hil kəndində güləş zalının açılışı baş tutub. İdman zalının rəsmi açılışında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, Avropa və Dünya çempionları, RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayona təşrif buyurmuş qonaqlar və məktəb şagirdləri iştirak ediblər.
Rayonda idman sahəsində görülən işlərdən söz açan RİH başçısı Sahir Məmmədxanov ölkəmizdə idmana diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunmuşdur ki, idmançılarımızın beynəlxalq yarış və turnirlərdə, olimpiya oyunlarında qazandıqları parlaq qələbələr məhz aparılan uğurlu siyasətin nəticəsidir. Qusarda idmana böyük həvəsin olmasını təqdirəlayiq hal kimi qiymətləndirən rayon rəhbəri idman sahəsinə diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib, Hil kəndində güləş zalının açılışına göstərdiyi dəstəyə görə Güləş Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Güləş Federasiyasının baş katibi Nəsimi Musayev idman sahəsinin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayaraq bu baxımdan hər bir rayonda idmanın kütləviliyinin artırılması istiqamətində görülən işlərin gənc nəslin mənəvi və fiziki inkişafında mühüm rol oynadığını qeyd edib, Hil kəndindən bir çox gənclərin gələcəkdə peşəkar idmançı kimi yetişəcəklərinə inamını ifadə edib.
Qusarlı iş adamı, xeyriyyəçi Kərim İlyasov da öz növbəsində idman məktəbinin istifadəyə verilməsinin rayon idmanının inkişafına töhfə verəcəyini, idman ənənələrinin qorunub saxlanması və istedadlı gənclərin üzə çıxarılmasında vasitə rolunu oynayacağını dilə gətirib.
Sonra hər cür lazımi şərait yaradılan idman zalına baxış keçirilib, xatirə şəkli çəkilib, idmançıların nümunəvi çıxışları izlənilib. Açılış mərasimi çay süfrəsi ətrafında davam edib.