Qusar rayonunun Quxuroba kəndində qadınlarla geniş maarifləndirici görüş keçirilib
21 iyun 2025 | 12:00
2025-ci il iyunun 20-də Qusar rayonunun Quxuroba kəndində qadınların iştirakı ilə geniş tərkibli maarifləndirici görüş keçirilib. Görüş Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və rayonun ictimaiyyət arasında fəallığı ilə seçilən xanımların təşəbbüsü ilə baş tutub.
Görüşdə yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin kimi halların ailə və cəmiyyət həyatında doğurduğu mənfi nəticələr, eləcə də məişət zorakılığı ilə mübarizə yolları ətrafında geniş diskussiya aparılıb. Eyni zamanda uşaq xəstəliklərinin və psixoloji pozuntuların ilkin mərhələdə aşkarlanmasının əhəmiyyəti, boşanan ailələrdə uşaqların psixoloji travmalardan qorunması məsələləri iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə qadınlar aktiv şəkildə müzakirələrə qoşulmuş, suallar ünvanlamış və müxtəlif sahələr üzrə mütəxəssislər tərəfindən ətraflı cavablar almışlar.
Görüşdə Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, həkim-pediatr Natəvan Butayeva, Qusar şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Milyanə Zəkiyeva, terapist-loqoped-defektoloq Marianna Orucova erkən nikahların fəsadları, təhsildən yayınmanın doğurduğu mənfi sosial nəticələr, ana və uşaq sağlamlığının qorunması, uşaqlarda inkişaf pozuntularının erkən aşkarlanması, boşanan ailələrdə uşaqların psixoloji travmalardan qorunmasının zəruriliyi ilə bağlı məruzələrlə çıxış ediblər.
Qadınlara yönəlik maarifləndirmə işinin davam etdirilməsi, bu məzmunda görüşlərin Qusar rayonunun digər kəndlərində də keçirilməsi planlaşdırılır.






