Qusar rayonunun ümumtəhsil məktəblərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
02 noyabr 2026 | 17:53
Azərbaycan Respublikasının tarixində müstəsna əhəmiyyətə malik olan 8 Noyabr – Zəfər Günü dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində ərazi bütövlüyümüz bərpa olunub, ölkəmizin suverenliyi tam təmin edilib.
Zəfər Gününün gənc nəsil arasında geniş təbliğ olunması, şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi məqsədilə Qusar rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Bu istiqamətdə növbəti tədbirlər rayonun Atlıxan və Caqarqışlaq kənd tam orta ümumtəhsil məktəblərində təşkil olunub.
Atlıxan kənd tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Zəfər nəğmələri ifa olunub. Çıxışlarda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbənin tarixi əhəmiyyəti, ordumuzun göstərdiyi qəhrəmanlıq və xalqımızın nümayiş etdirdiyi birlik xüsusi vurğulanıb.
Qusar rayonunun Caqarqışlaq kənd tam orta ümumtəhsil məktəbində “Zəfərimiz əbədidir, Azərbaycan güclüdür!” devizi altında keçirilən tədbirdə mövzu ətrafında çıxışlarda qeyd olunub ki, 8 Noyabr Zəfəri Azərbaycan dövlətinin gücünün, xalq-ordu birliyinin və milli həmrəyliyimizin bariz təzahürüdür.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.






