Qusar rayonunun ümumtəhsil məktəblərində son zəng çalındı
14 iyun 2025-ci il tarixdə ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunun ümumtəhsil məktəblərində də 2024/2025-ci tədris ilinin başa çatması münasibətilə ənənəvi “Son zəng” tədbirləri keçirilib. Həyatlarının mühüm mərhələsini geridə qoyan yüzlərlə məzun üçün bu gün həm duyğusal, həm də tarixi bir gün olub.
Qusar şəhəri və kəndlərində yerləşən ümumtəhsil məktəblərində təşkil olunan bayram tədbirləri şagirdlər, müəllimlər və valideynlər üçün əsl təntənəyə çevrilib. Məktəb məzunları və birinci sinif şagirdlərinin iştirakı ilə hazırlanan bədii-musiqili proqramlar tədbirlərə xüsusi rəng qatıb.
Tədbirlərdə çıxış edən məktəb direktorları, müəllimlər, valideynlər məzunları təbrik edərək, onları qarşıda duran həyat yollarında uğur və inamla addımlamağa səsləyiblər. Qeyd olunub ki, son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində təhsil sahəsində mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu təhsil siyasəti bu sahəyə olan yüksək diqqət və qayğının bariz nümunəsidir.
Məzunlar çıxışlarında onlara bilik, tərbiyə aşılayan müəllimlərinə dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar məktəb illərini həyatlarının ən yaddaqalan və mənalı dövrü kimi xatırladıqlarını qeyd edərək, bu illər ərzində qazandıqları bilik və bacarıqların gələcək həyat yollarında möhkəm təməl olacağını vurğulayıblar. Eyni zamanda, Vətənə sədaqətli, dövlətçiliyə bağlı və milli-mənəvi dəyərləri qoruyan vətəndaşlar kimi yetişmək üçün əzmlə çalışacaqlarını qeyd ediblər.
Tədbirlərin sonunda çalınan “Son zəng" məktəblə vidanı və müstəqil həyata doğru atılan ilk addımı simvolizə edərək məzunların yaddaşında silinməz iz buraxıb.
Bu əlamətdar gün münasibətilə Qusar rayonunun bütün məzunlarını təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik.