Qusar rayonunun ümumtəhsil müəsisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
19 noyabr 2025 | 22:49
Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.
20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması məqsədilə Qusar rayonunun ümumtəhsil müəssisələrində də maarifləndirici tədbirlər həyata keçirilir.
Təhsil müəssisələrində bu mövzuda keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə hüquq mədəniyyətinin formalaşdırılması, maarifləndirmə səviyyəsinin yüksəldilməsi və uşaq hüquqlarının təbliğinin gücləndirilməsidir.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Şagirdlər interaktiv metodlarla mövzunu daha dərindən mənimsəyir, müxtəlif praktiki tapşırıqlar, müzakirələr və vizual təqdimatlar vasitəsilə hüquqi biliklərini möhkəmləndirirlər.






