Qusar rayonunun ümumtəhsil müəssisələrində yeni tədris ilində ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr edilib
18 sentyabr 2026 | 18:19
Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tədbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilmişdir.
Sentyabrın 15-də - Bilik Günündə respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Qusar rayonunun ümumtəhsil məktəblərində də yeni tədris ilinin ilk dərsləri “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub. Şagirdlərə Azərbaycanın qədim və zəngin şəhərsalma və memarlıq tarixi, ölkə ərazisində formalaşmış müxtəlif memarlıq məktəbləri, milli memarlıq nümunələrinin özünəməxsus xüsusiyyətləri, tarixi abidələrin qorunmasının əhəmiyyəti barədə məlumat verilib. Həmçinin müasir şəhərsalmanın qarşısında dayanan əsas vəzifələr, şəhər və rayonların dayanıqlı inkişafı, müasir infrastrukturun yaradılması, yaşıllıqların və ekoloji mühitin qorunması kimi məsələlərə də toxunulub. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin şəhərsalma və memarlıq sahəsində yeni mərhələnin mühüm nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması zamanı müasir şəhərsalma prinsipləri, dayanıqlı inkişaf, müasir infrastruktur və əhalinin rahat yaşayışı əsas meyarlar kimi nəzərə alınmışdır.






