Qusar RİH başçısı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə kollektivi təbrik etmişdir
31 dekabr 2025 | 10:50
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri və digər əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərləri və bir qrup əməkdaşı, eləcə də bir sıra müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qarşıdan gələn əlamətdar bayramlar münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. İcra başçısı çıxışında il ərzində rayonda görülmüş işlər, qaz, elektrik enerjisi və su təchizatı sahəsində həyata keçirilən tədbirlər, əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində atılan addımlar, həmçinin abadlıq-quruculuq işləri barədə məlumat vermişdir. Eyni zamanda mövcud və həlli vaxt tələb edən məsələlərə diqqət çəkən icra başçısı qarşıdakı dövrdə görülməsi nəzərdə tutulan işlərdən də danışmışdır. Rayon rəhbəri çıxışında dövlət qulluğunda səmərəli fəaliyyətin, məsuliyyətli yanaşmanın və birgə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, qarşıdakı dövrdə də komanda şəklində fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini ifadə etmişdir.
Daha sonra Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov çıxış edərək rayon icra başçısını və tədbirdə iştirak edən bütün əməkdaşları qarşıdan gələn bayramlar münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Çıxışı zamanı birinci müavin ötən il ərzində rayonda müxtəlif sahələr üzrə bir sıra işlərin həyata keçirildiyini qeyd etmiş, görülən tədbirlərin rayonun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamış, qarşıdakı dövrdə də bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırmışdır.
Daha sonra Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin nümunəvi fəaliyyəti ilə seçilən bir qrup əməkdaşı Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Eyni zamanda xidməti vəzifələrinin icrasında göstərdikləri səmərəli fəaliyyətə görə bir qrup əməkdaşa və 2 nəfər müəssisə rəhbərinə təşəkkür elan olunmuşdur. Qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə görə iki nəfər əməkdaşa vaxtından əvvəl növbəti ixtisas dərəcəsi verilmiş, iki nəfər əməkdaşın isə əvvəllər tətbiq edilmiş intizam tənbehi ləğv edilmişdir.
Tədbirin sonunda mükafatlandırılan şəxslər — Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlham Xəlilov, Qusar Rayon İcra Hakimiyyəti başçısının Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cavid Bədirxanov və Qusar Rayon İcra Hakimiyyəti başçısının Piral kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Butayev çıxış edərək onlara göstərilən diqqət və etimada görə rayon icra başçısına təşəkkürlərini bildirmiş, dövlət qulluğunda üzərilərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.






