Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar RİH başçısı kənd təsərrüfatı sahələrində aparılan işlərlə yerində tanış olub

16 iyul 2025 | 18:23
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon ərazisində əkin sahələrinə baxış keçirib, sahibkarlar, mexanizatorlar və kənd təsərrüfatı mütəxəssisləri ilə görüşüb.
İcra başçısı əvvəlcə taxıl sahələrində davam edən biçin prosesini izləyib, biçin texnikalarının fəaliyyəti, texniki təminat və məhsuldarlıqla bağlı vəziyyətlə maraqlanıb. Görülən işlər barədə müvafiq struktur rəhbərlərinin məlumatları dinlənilib. Bildirilib ki, 2024-cü ildə rayonda ümumilikdə 56622 ton taxıl məhsulu əldə olunub. Cari ildə isə məhsuldarlıq ötən illə müqayisədə daha yüksək qiymətləndirilir. Qeyd olunub ki, 2025-ci ilin biçin mövsümünün başlanmasından 15 iyul tarixinədək olan dövr ərzində rayon üzrə 4650 hektar buğda və 8790 hektar arpa sahəsində biçin aparılıb. Bu sahələrdən ümumilikdə 38903,4 ton məhsul toplanıb. Biçin prosesi fasiləsiz rejimdə davam etdirilir və bu günədək hər hansı texniki nasazlıq və ya gözlənilməz hal qeydə alınmayıb.
Daha sonra icra başçısı tərəvəz əkinlərinin vəziyyəti ilə yerində tanış olub. Qeyd olunub ki, 2025-ci ildə rayonda ümumilikdə 3793 hektar sahədə tərəvəz əkini aparılıb. Bu göstərici 2024-cü illə müqayisədə 108 hektar çoxdur (2024-cü ildə 3685 hektar). 1 iyul 2025-ci il tarixinə olan məlumata əsasən, bu sahələrdən artıq 2777,1 ton məhsul yığılıb və yığım kampaniyası hazırda uğurla davam edir. Fermerlər bildiriblər ki, bu il məhsuldarlıq qənaətbəxşdir, xüsusilə pomidor, kartof və brokkoli kələmi sahələrində məhsulun həm məhsuldarlığı, həm də keyfiyyəti yüksək qiymətləndirilir. Bu nəticəyə əsasən, suvarma sistemlərinin təkmilləşdirilməsi və xəstəliklərə qarşı qabaqlayıcı tədbirlərin düzgün planlaşdırılması mühüm rol oynayıb.
Görüş zamanı sahibkarlar, torpaq istifadəçiləri və aqronomların təklif və müraciətləri dinlənilib.
Sahir Məmmədxanov ölkə rəhbərliyinin kənd təsərrüfatına göstərdiyi ardıcıl diqqət və dəstəyin son illərdə Qusar rayonunda da bu sahədə ciddi inkişaf dinamikası yaratdığını bildirib, fermerləri dövlətin təqdim etdiyi subsidiya proqramları, texnika təminatı və digər dəstək mexanizmlərindən daha fəal və məqsədyönlü şəkildə istifadə etməyə çağırıb. Bildirib ki, rayon rəhbərliyi aqrar sektorun inkişafını bundan sonra da prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlayacaq.
Sonda qeyd olunub ki, kənd təsərrüfatı sahələrinin davamlı inkişafı təkcə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından deyil, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün də strateji əhəmiyyətə malikdir. Bu səbəbdən bu sahəyə dövlət dəstəyi və nəzarəti qarşıdakı illərdə də sistemli şəkildə davam etdiriləcəkdir.
Səfər çərçivəsində rayon rəhbəri kənd futbol meydançasında oynayan uşaqlarla da görüşüb, onların arzu və istəklərini dinləyib, asudə vaxtlarının səmərəli təşkili, idmanla məşğulluqları barədə maraqlanıb.
Keçidlər