Qusar RIH başçısı Sahir Məmmədxanov Quturğan kəndində vətəndaşları qəbul edib
Qusar RİH başçısının növbəti səyyar görüşü Sudur kənd İnzibati Ərazi Dairəsinə daxil olan Quturğan kəndində olmuşdur. Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. Kənd sakinləri əhalinin rahat gediş-gəlişininin təmin edilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə 2019-cu ildə yenidən qurma işlərinə başlanmış, dağlıq ərazidən keçən Həzrə-Sudur avtomobil yolunun yarımçıq qalan 14 km-lik hissəsinin yenidən qurulmasını, istismara yararsız işıq dirəklərinin yeniləri ilə əvəz edilməsini, yanacaq odunun tədarükündəki çətinlikləri nəzərə alaraq Quturğan kəndinin qazlaşdırılmasını, gəmiricilərə qarşı dərman preparatları ilə təmin edilməsini və digər məsələlərə köməklik göstərməsini xahiş etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı qurumların rəhbərlərinə müvafiq göstərişlər vermiş, həlli üçün zəruri tədbirlər görüləcəyini bildirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrin rəhbərləri də iştirak etmişdir.