Qusar RİH başçısı Vətən Müharibəsi şəhidlərinin anım tədbirində iştirak etmişdir
2 oktyabr 2024-cü ildə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəhid Zamanov Sənan Qahir oğlu, Kürəbəyov Mayıl Kamran oğlu və Balabəyov Ramil Ruslan oğlunun anım mərasimlərində iştirak edib. Hərbi qulluqçular 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı şəhid olmuşlar.
Şəhidlərin Qusar rayon Şəhidlər xiyabanındakı məzarları ziyarət olunmuş, əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Daha sonra ehsan mərasimlərinə qatılan RİH başçısı şəhid ailələrinə başsağlığı vermiş, onların problemləri və mənzil-məişət şəraiti ilə tanış olmuşdur.
Sahir Məmmədxanov müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrini narahat edən problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışmış, şəhid ailələrinin qayğı və problemlərinin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamışdır. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyindən razılıqlarını ifadə etmişdir.