Qusar RİH-nin kadr siyasəti davamlı inkişafa hesablanıb
25 dekabr 2024 | 18:43
Tarixən bütün dövrlərdə kadrların seçilməsi önəm verilən məsələlərdən olub.
Müasir dövrdə kadr potensialının gücləndirilməsi müstəsna əhəmiyyət kəsb edir. Cəmiyyətin inkişafı əmək potensialının istifadə səviyyəsi ilə birbaşa əlaqəlidir.
Kadr potensialının düzgün şəkildə idarə edilməsi istənilən idarə və müəssisədə işin məhsuldarlığına və keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Bu baxımdan Qusar Rayon İcra Hakimiyyətində də kadrların seçilməsi, vəzifədə irəli çəkilməsi obyektiv üsullarla həyata keçirilir.
Belə ki, ilk dəfə RİH-də dövlət qulluğuna qəbul test imtahanı və müsahibədən ibarət olan müsabiqə əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq, test imtahanları təşkil edir. Test imtahanı inzibati dövlət qulluğu vəzifələrinin növləri üzrə A (inzibati rəhbər vəzifələri) və B (inzibati icraçı vəzifələri) qruplara bölünür.
İmtahanda iştirak etmək üçün namizədlər Mərkəzin portalı vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.
Test imtahanından müvəfəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. Sertifikatı əldə etmiş şəxs qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ əldə edir.
Dövlət orqanları tərəfindən müsahibəyə çıxarılan vakant inzibati vəzifənin tutulması üçün müsahibə elanları, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdirilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət başa çatdıqdan sonra müsahibənin keçirilməsi qrafiki ( müsahibənin keçirilməsi vaxtı və yeri) Mərkəzin portalında və dövlət orqanının internet saytında yerləşdirilir.
Müxtəlif dövlət qulluğu vəzifələrində 5 il iş stajı olan şəxslər daxili müsahibədə iştirak edərək iddia etdikləri vakant vəzifəni tuta bilərlər. Daxili müsahibə zamanı müsahibə komissiyasının üzvləri tərəfindən namizədin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, vakant vəzifə üçün zəruri olan digər keyfiyyətləri yoxlanılaraq qiymətləndirilir.
Qusar Rayon İcra Hakimiyyətində də kadr islahatları yuxarıda sadalanan qaydada qanuna uyğun olaraq həyata keçirilir. Qeyd etmək istərdik ki, yaxınlarda Qusar RİHB Aparatında iki şöbə müdiri və bir şöbə müdirinin müavini, iki inzibati ərazi üzrə nümayəndəsi daxili müsahibədən uğurla keçərək müvafiq vəzifələrə təyin olunublar. Müsahibə zamanı dövlət qulluğuna qəbulun şəffaflıq prinsipi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi meyarı əsas tutulub.