Qusar şəhər 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilmişdir
03 oktyabr 2025 | 17:40
Cəmiyyətimizin dayanıqlı inkişafının əsas şərtlərindən biri uşaqların və gənclərin düzgün tərbiyəsi və maarifləndirilməsidir. Sosial həyatda üzləşdikləri təhlükələr, habelə ətraf mühitdən, həmyaşıdlarından və müxtəlif zərərli vərdişlərdən gələn təhdidlər, uşaqların gələcək inkişafına ciddi təsir göstərir.
Xüsusilə müasir dövrdə narkomaniya kimi sosial bəla, gənclərin həm fiziki, həm də mənəvi sağlamlığına ciddi təhlükə törədir. Bu cür təhlükələrin yalnız ailə və məktəb mühiti ilə deyil, həmçinin geniş ictimai tədbirlər, maarifləndirmə proqramları və hüquq-mühafizə orqanlarının dəstəyi ilə qarşısı alına bilər. Eyni zamanda, yol hərəkəti təhlükəsizliyi mövzusu da gənclərin gündəlik həyatında vacib əhəmiyyət daşıyır.
Oktyabrın 2-də Qusar Rayon İcra Hakimiyyəti və Qusar Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Qusar şəhər 1 saylı tam orta məktəbdə Qusar Rayon İcra Hakimiyyətinin və Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının, məktəbin 9, 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyanın sosial təhlükəliyi və doğurduğu fəsadlar”, “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq”, “Erkən nikahın fəsadları və zəruri profilaktikası”, “Dövlət, Dövlətçilik və Dövlət Atributlarına hörmət” mövzularında tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Kamran Sədullayev, Qusar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Emin Kərimov, habelə Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Ruslan Hüseynov şagirdləri narkotik vasitələrin insan sağlamlığı və sosial həyat üçün yaratdığı fəsadlar barədə məlumatlandırmışlar. Çıxışlarda vurğulanmışdır ki, dövlətçilik anlayışı ölkənin siyasi və hüquqi sisteminin əsas dayağıdır və dövlət atributlarına hörmət hər bir vətəndaşın vətəndaşlıq vəzifəsidir.
Narkotik maddələrin istifadəsinin zərərləri ilə bağlı qeyd olunub ki, narkotiklər yalnız fiziki sağlamlığa deyil, həm də psixoloji və sosial həyatın bütün sahələrinə ciddi zərər verir. Narkotik asılılıq fərdin həyat keyfiyyətini aşağı salır, onun təhsil və əmək fəaliyyətinə mənfi təsir göstərir, ailə münasibətlərində problemlər yaradır və cəmiyyətdə cinayətkarlıq riskini artırır. Bundan başqa, narkotik istifadəsi qanun qarşısında məsuliyyət doğurur, ictimai intizamın pozulmasına səbəb olur və dövlətin sosial rifahına mənfi təsir göstərir. Eyni zamanda, yol hərəkəti qaydalarına əməl etməmək şəxsin həm öz həyatını, həm də ətrafdakıların təhlükəsizliyini risk altına qoyur.
Tədbirdə həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının həkimi tərəfindən müasir cəmiyyətimizin əsas problemlərindən olan erkən nikahların fəsadları ilə bağlı şagirdlərə məlumat verilmişdir, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən konkret nümunələr əsasında bütün mövzular ətraflı izah edilmişdir.
Sonda şagirdlərin sualları cavablandırılmışdır.






