Qusar Şəhər Uşaq İncəsənət Məktəbində “Zəfər yolu – Vətən yolu” adlı tədbir keçirilib
07 noyabr 2026 | 17:34
Noyabrın 7-də Elza İbrahimova adına Qusar Şəhər Uşaq İncəsənət Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yolu – Vətən yolu” adlı tədbir keçirilib. Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sadullayev, məktəbin direktoru Reyhan Bağışova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın birliyindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, 44 gün ərzində cəbhədə vuruşan əsgərlərimizin arxasında bütün xalq dayanıb. Bu birlik və həmrəylik Azərbaycanın ən böyük gücü olub. Həmçinin vurğulanıb ki, Zəfər təkcə döyüş meydanında deyil, həm də dövlətin qətiyyətli siyasəti, ordunun peşəkarlığı və xalqın sarsılmaz inamı ilə qazanılıb.
Qeyd edilib ki, Zəfər Günümüz xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir. Bu Zəfər gələcək nəsillər üçün daim qürur və iftixar mənbəyi olacaq. Tədbir çərçivəsində şagirdlər Vətənə, qəhrəmanlıq və Zəfər tarixinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər. Şagirdlərin ifasında səslənən vətənpərvərlik ruhlu mahnılar tədbirə xüsusi ovqat qatıb.






