Qusar Tarix-Diyarşünaslıq Muzeyi gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm rol oynayır
22 aprel 2026 | 16:42
Qusar Tarix-Diyarşünaslıq Muzeyi rayonun çoxəsrlik tarixinin, zəngin maddi-mədəni irsinin və etnoqrafik dəyərlərinin sistemli şəkildə mühafizə olunduğu, elmi əsaslarla öyrənildiyi və geniş ictimaiyyətə təqdim edildiyi aparıcı mədəniyyət müəssisəsidir.
Muzeyin fəaliyyətinin prioritet istiqamətlərindən birini ümumtəhsil müəssisələrinin şagirdləri ilə aparılan məqsədyönlü maarifləndirmə işi təşkil edir. Bu çərçivədə mütəmadi olaraq muzeyə təşkil olunan ekskursiyalar zamanı məktəblilərə Qusar rayonunun qədim dövrlərdən müasir dövrə qədər keçdiyi tarixi inkişaf yolu, əhalinin həyat tərzi, məişət mədəniyyəti, unikal adət-ənənələri, el sənətkarlığı və dekorativ-tətbiqi sənət nümunələri barədə ətraflı məlumat verilir. Şagirdlər arxeoloji tapıntılar, etnoqrafik materiallar, numizmatik nümunələr, qədim əmək alətləri və məişət əşyaları ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.
Mütəmadi xarakter daşıyan bu cür maarifləndirici tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, dünyagörüşlərinin genişləndirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi, həmçinin onların dərsdənkənar, asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.






