Qusarçay çayında yaranmış vəziyyət rayon İcra Hakimiyyətində müzakirə olunmuşdur-2026
Qusarçay çayında son günlərdə sel sularının artması nəticəsində sahil torpaqlarının yuyulması müşahidə olunur. Artıq bir neçə gündür ki, çayda ağır texnikalar işləyir, məcra tənzimlənməsi işləri görülür.
Bununla belə, havaların isti keçməsinə görə dağlarda qarın sürətlə əriməsi və dağlıq ərazidə mütəmadi olaraq yağış yağması Qusarçayda gecə saatlarında sel suların artması səbəbindən texnikaların gördüyü işin əhəmiyyəti itir, sel suların istiqaməti yenidən dəyişir və sahil torpaqları aparır.
İyun ayının 25-də Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov əlaqədar qurumların rəhbərləri və mütəxəssislərlə birlikdə çayın ərazisində gedən proseslərə baxış keçirmiş və ayın 26-da aidiyyəti qurumların mütəxəssisləri və çayın ərazisində fəaliyyət göstərən daş karxanalarının sahibləri ilə birlikdə müzakirələr aparmış və ərazidə həyata keçirilməli tədbirlər müəyyən edilmişdir. Su və Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Məzahir Əzizov və sahibkarlar birgə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində məlumat verərək bildirmişdir ki, artıq onların ağır texnikaları çayda suyun istiqamətinin əsaslı şəkildə dəyişdirilməsi üçün işə başlamışdır. Sahibkarlar bu işin davamlı aparılacaqlarının və növbəti mərhələdə sel sularının dağıtdığı fiksator qurğusunun da bərpa edəcəklərini bildirmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı sahibkarların göstərdiyi dəstəyə görə onlara minnətdarlığını bildirərək, Rayon İcra Hakimiyyəti tərəfindən də onlara lazımi köməkliyin göstərəcəyini qeyd etmişdir.






