Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

19 sentyabr 2026 | 20:49
 
Sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Azərbaycan tarixinin mühüm mərhələlərindən birini əks etdirən bu tarix ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilə bağlıdır. Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü olaraq təsis edilib.
20 Sentyabr Azərbaycan tarixində başqa bir mühüm hadisə ilə də əlamətdardır. 1994-cü ilin həmin günündə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycanın müstəqilliyinin ilk illərində həyata keçirilən bu mühüm iqtisadi layihə ölkənin enerji strategiyasının formalaşmasına, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə və uzunmüddətli inkişaf üçün yeni imkanların yaranmasına mühüm zəmin yaradıb.
20 Sentyabr - Dövlət Suverenliyi Gününün mahiyyətinin ictimaiyyətə, xüsusilə də gənc nəslə çatdırılması məqsədilə Qusar rayonunda silsilə tədbirlər keçirilib.
Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin yeni tədris ilində ilk məşğələsi keçirilib. Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi məşğələ "Dövlət Suverenliyi Günü" və “Əsrin müqaviləsi” mövzularına həsr olunub. Məşğələnin əvvəlində şagirdlərin Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi” ilə bağlı eksponatlarla tanış olması mövzunun tarixi faktlarla əlaqələndirilməsinə imkan yaradıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məşğələdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin gənclərin dövlətçilik tarixinin müxtəlif mərhələləri barədə biliklərinin artırılmasında və onların siyasi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, 20 Sentyabr tarixinin iki mühüm tarixi hadisə ilə bağlı olduğunu bildirərək “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqil inkişafında yaratdığı imkanlara diqqət çəkib. Qusar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Lalə Kərimova və şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Samirə Bağıyeva tərəfindən şagirdlərə mövzular ilə bağlı ətraflı məlumat verilib. Şagirdlərin sualları cavablandırılıb.
Sentyabrın 17-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Balaqusar kənd klubunda “Azərbaycanın Suverenliyi Əbədidir!” adlı tədbir keçirilib. Tədbirdə Qusar Rayon Mədəniyyət Mərkəzinin və bir sıra kənd klub müəssisələrinin əməkdaşları, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə mövzu ətrafında natiqlərin çıxışları dinlənilib, mövzuya uyğun şeirlər səsləndirilib, müxtəlif təqdimatlar nümayiş etdirilib.
Sentyabrın 18-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Rayon Mərkəzi Kitabxanasında Dövlət Suverenliyi Günü ilə əlaqədar “Suverenliyimiz – milli qürurumuz, dövlətçiliyimizin təntənəsi” adlı tədbir keçirilib.
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Heydər Əliyev Mərkəzinin əməkdaşları, şəhid anaları, həmçinin kitabxananın fəal oxucuları iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər Azərbaycanın dövlətçilik tarixindən və Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən, çıxış edən şəhid anaları qəhrəman oğullarının şərəfli həyat yolundan söz açıb, şəhid övladlarına həsr etdikləri şeirləri səsləndiriblər.
20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Qusar Peşə Liseyində keçirilən tədbirdə mövzu ətrafında tələbələrin çıxışları dinlənilib, videoçarx nümayiş etdirilib.
Tarixi günün mahiyyətinin məktəblilər arasında daha geniş təbliği məqsədilə rayonun ümumtəhsil müəssisələrində də tədbirlər təşkil olunub. Keçirilən tədbirlər, dəyirmi masa və açıq dərslər zamanı şagirdlərə Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti, Azərbaycanın suveren dövlət kimi keçdiyi inkişaf yolu, tarixi Zəfərin əldə olunmasında pay sahibi olan şəhidlərimiz haqqında ətraflı məlumat verilib.
Silsilə tədbirlər kənd klubları və kitabxana filiallarında da keçirilib. Təhsil, mədəniyyət və digər müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri tərəfindən şəhid məzarları ziyarət edilib, xatirələri anılıb.
Qusar rayonunda Dövlət Suverenliyi Gününə həsr olunan tədbirlərin müxtəlif yaş qruplarını və ictimaiyyətin fərqli təbəqələrini əhatə etməsi tarixi hadisənin mahiyyətinin geniş auditoriyaya çatdırılmasına imkan yaradıb.
Keçidlər