Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 23 İyun – Dövlət Qulluqçularının Peşə bayramı Günü qeyd olunub

23 iyun 2025 | 15:58
 
Dövlət qulluğu institutu ictimai idarəetmədə əsas sütunlardan biri olmaqla, ölkənin sosial, iqtisadi və hüquqi inkişafının təmin olunmasında vacib vasitə kimi çıxış edir. Azərbaycan Respublikasında dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və bu sahədə çalışan peşəkar kadrların fəaliyyətinə verilən dəyərin təzahürü olaraq, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixi “Dövlət Qulluqçularının Peşə bayramı Günü” kimi təsis olunmuşdur.
23 İyun – Dövlət Qulluqçularının Peşə bayramı Günü münasibətilə Qusar rayonunda dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib. Tədbir çərçivəsində ilk olaraq ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib. Abidənin önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbir daha sonra Qusar Rayon İcra Hakimiyyətində davam etdirilib. İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov tədbiri giriş sözü ilə açaraq, dövlət qulluğunun mahiyyəti, onun dövlətin fəaliyyətindəki strateji rolu barədə ətraflı danışıb. Qusar rayonunda dövlət qulluğu sahəsində mövcud vəziyyət, hazırda rayonda fəaliyyət göstərən dövlət qulluqçularının ümumi sayı, onların müxtəlif idarə və qurumlar üzrə bölgüsü, keçən və cari ildə növbəti və vaxtından əvvəl ixtisas dərəcəsi verilmiş, həmçinin mükafatlandırılmış əməkdaşlar ilə bağlı məlumat verib. Şahid Fərəməzov bütün dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Ardınca Qusar Rayon İcra Hakimiyyəti başçısının dövlət qulluqçularına ünvanladığı təbrik məktubu səsləndirilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov Azərbaycanın uğurlu dövlət idarəçiliyi modelindən söz açaraq bildirib ki, bu istiqamətdə əsaslı islahatların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu strateji kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, çıxışında “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsinin ölkədə dövlət idarəetməsinin hüquqi bazasının möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib, eyni zamanda kadr siyasətində şəffaflıq və peşəkarlığın təmin edilməsinin ölkənin davamlı inkişafı üçün əsas amillərdən biri olduğunu vurğulayıb. Dövlət qulluqçularının peşəkarlığına verilən qiymətin göstəricisi olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasının onun üçün böyük mənəvi dəyər daşıdığını vurğulayan Əliyulla Nəcərov, bu etimada görə ölkə rəhbərliyinə və rayon rəhbərinə səmimi təşəkkürünü ifadə edib.
Tədbirdə həmçinin Qusar Rayon İcra Hakimiyyəti başçısının Piral inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramiz Butayev və Əcəxur inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qazıxan Səlimxanov çıxış edərək, ölkəmizdə dövlət idarəçiliyi sahəsində son illərdə həyata keçirilən sistemli və uğurlu islahatlardan bəhs ediblər, dövlət qulluqçularını Peşə bayramı münasibətilə təbrik edərək, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Keçidlər