Qusarda 26 iyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib
25 iyun 2025 | 15:00
Ölkə üzrə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlərin tərkib hissəsi kimi Qusar rayonunda da silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün iş planının 18-ci bəndinin icrası ilə əlaqədar 25 iyun 2025-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Qusar rayon Komissiyası tərəfindən 26 iyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Belə tədbirlərin keçirilməsində əsas məqsəd narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlərin gücləndirilməsi, gənclər arasında zərərli vərdişlərin fəsadları barədə maarifləndirmə işinin genişləndirilməsi və ictimaiyyətin diqqətinin bu mühüm problemə cəlb olunmasıdır.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərov rayonda narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu sahədə müvafiq dövlət proqramları çərçivəsində maarifləndirmə işi gücləndirilmiş, xüsusən yeniyetmə və gənclər arasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir. Əliyulla Nəcərov vurğulayıb ki, narkomaniya təkcə fərdi sağlamlığa deyil, bütövlükdə cəmiyyətin mənəvi və sosial dayaqlarına təhdid yaradan təhlükəli bir bəladır və onunla mübarizə hər kəsin vəzifəsinə çevrilməlidir.
Daha sonra Qusar Rayon Polis Şöbəsinin Narkomaniyaya Qarşı Mübarizə Qrupunun əməliyyat müvəkkili Emin Mirzəliyev rayonda bu sahədə mövcud vəziyyət barədə geniş hesabatla çıxış edib. O, son illərdə aşkar olunmuş hüquqazidd hallar, həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərin nəticələri və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Polis əməkdaşı həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin fəal rolunun vacibliyini qeyd edib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kamran Sədullayev narkomaniyanın yeniyetmələrin psixoloji inkişafı və davranış modellərinə göstərdiyi mənfi təsirlərdən bəhs edib. O qeyd edib ki, erkən yaşda narkotik vasitələrlə təmas uşaqlarda emosional tarazlığın pozulmasına, sosial adaptasiya çətinliklərinə və ailə-cəmiyyət münasibətlərində ciddi disbalansa səbəb olur. Qeyd edilib ki, gənclərin narkomaniya kimi sosial bəladan uzaq tutulmasında ailənin nəzarətedici rolu, məktəbin maarifləndirici funksiyası və ətraf mühitin formalaşdırıcı təsiri xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməsi və birgə səylərlə bu təhlükəli meylə qarşı məqsədyönlü mübarizə aparılması zəruridir.






