Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Anım Günü - Şəhidlərimizin xatirəsi ehtiramla yad edildi

26 sentyabr 2025 | 16:10
Sentyabrın 26-da Qusar şəhərində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Şəhidlərin Xatirə Guşəsinin önündə baş tutub. Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov əvvəlcə mərasim iştirakçılarını salamlayaraq, Anım Gününün Azərbaycan xalqı üçün dərin mənəvi məna daşıdığını vurğulayıb. Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların igidliyinin gələcək nəsillər üçün əbədi örnək olduğunu qeyd edib. İcra başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərin xalqımızın milli birliyi, Ordumuzun, hərbçilərimizin əzmkarlığı və şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, şəhid ailələri, qazilər, müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması hər zaman dövlətin, o cümlədən rayon rəhbərliyinin diqqət mərkəzindədir.
Rayon rəhbəri Şəhidlərin Xatirə Guşəsinin yaradılmasında əməyi olan iş adamı Natiq Əliyevə də göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Milli Qəhrəman Çingiz Qurbanovun, şəhid Sənan Zamanov və şəhid Vüsal Orucovun valideynləri övladlarının şərəfli həyat və döyüş yolundan danışaraq, onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıblar. Valideynlər qeyd ediblər ki, övladlarının ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı idi və bu gün həmin arzuların gerçəkləşməsinin qürurunu yaşayırlar. Onlar həmçinin şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsi qazisi İlkin Abuyev isə çıxışında müharibənin çətin və şərəfli günlərini xatırlayaraq, Azərbaycan Ordusunun göstərdiyi şücaət və qəhrəmanlığın xalqımızın qürur mənbəyi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün ən müqəddəs örnək olduğunu qeyd edib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov qeyd edib ki, hər bir vətəndaş şəhidlərin xatirəsini daim uca tutmalı, onların ruhunu yaşatmalı və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda daim birlik nümayiş etdirməlidir.
Tədbir iştirakçıları sonda şəhidlərin ruhuna dualar oxuyub, Xatirə Guşəsinə gül dəstələri düzərək onların əziz xatirəsini ehtiramla yad ediblər.
Ardınca tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə təşkil edilmiş ehsan süfrəsində iştirak ediblər.
Keçidlər