Qusarda aramsız yağan yağış və qar bir sıra fəsadlar yaradıb
Şimal bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağan leysan xarakterli yağışlar, bir sıra kəndlərdə müşahidə edilən qar yağışı rayon ərazisində fəsadlara səbəb olub. Bəzi kəndlərdə yağış sonradan qara çevrilib. Arçan, Əlix, Kənərçay, Quxur, Quturğan, Yerği Kek, Sudur kəndlərində 35-40 sm, Gican kəndində 50-60 sm, Düztahir kəndində 10-15 sm, Laza kəndində 60-70 sm, Kuzun kəndində 15 sm, Zindanmuruq kəndində qarın hündürlüyü 10 sm təşkil edib. Digər kəndlərdə və Qusar şəhərində gün ərzində intensiv yağış yağmaqda davam edib.
Eyni zamanda, aprel ayının 15-dən 16-na keçən gecədən başlanan və gün ərzində davam edən intensiv yağıntı nəticəsində bir sıra yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. 60 yaşayış məntəqəsində 13000 abonentin elektrik enerjisi təchizatı kəsilmişdir. Gün ərzində bəzi kəndlərə elektrik enerjisinin verilişi bərpa edilmişdir.
Aşağı Ləgər kəndində 30 hektara, Quxuroba kəndində 5 hektara yaxın, Köhnə Xudat kəndində 7 hektar əkin və bağ sahələri yağış sularının altında qalmış, bəzi kəndlərdə fərdi yaşayış evlərinə su dolmuşdur. Sudur və Şahdağ Turizm Mərkəzi istiqamətinə gedən yol güclü qar, Gündüzqala və Hil kəndlərində yollar sel suları, Əniq kəndində torpaq aşması nəticəsində bağlanılmışdır. Gündüzqala kəndinin bir məhəlləsinə gedən avtomobil yolunda iri diametrli borulardan ibarət körpü quru çaya gələn sel suları tərəfindən dağıdılıb, 7 evə gedən yol bağlanılıb, digər fəsadlar yaranıb.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Gündüzqala, Köhnə Xudat, Hil, Laza kəndlərində qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlarla yerində tanış olub. Fəsadların və sakinlərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində tapşırıqlarını verib.
Qar ilə bağlanmış Qusar-Əniq-Laza yolunun qardan təmizlənməsi üçün əraziyə texnikalar, evlərdən suyun çəkilməsi üçün nasoslar cəlb olunub. Elektrik enerjisinin bərpası istiqamətində tədbirlər görülür.
Yağış sularının ötürülməsi üçün axarların açılması, yolların qardan, qırılaraq düşən ağac və digər maneələrdən təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.