Qusarda Bahar bayramı böyük təmtəraqla qeyd edilib
19 mart 2025 | 18:27
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının ta qədimdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramı bolluq, bərəkət və firavanlığın rəmzi hesab edilir.
19 mart 2025-ci il tarixdə Qusar rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Mədəniyyət Mərkəzi, Qusar Dövlət Ləzgi Dram Teatrı, Regional Təhsil Şöbəsi, rayon Gənclər və İdman idarəsi, İncəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq muzeyinin fəal iştirakı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Bayram tədbirində Milli Məclisin deputatı, Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon sakinləri və media nümayəndələri iştirak ediblər.
Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş Qusar rayon Mərkəzi meydanında keçirilən bayram tədbirində öncə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun bayram təbriki səsləndirilib. Daha sonra Novruz bayramının əsas personajlarından olan Bahar qızı xüsusi bəzədilmiş avtomobildə meydana gələrək qusarlıları təbrik edib, xoş arzularını çatdırıb. Rayonun idman sahəsində xüsusi xidmətləri olan idmançıları milli rəqs ansamblının kollektivi ilə birlikdə bayram tonqalını alovlandırıblar. Kosa, keçəl, kəndirbazlar və sim pəhləvanları, idmançıların maraqlı çıxışları iştirakçılarda bayram sevincini daha da artırıb. Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və sənətkarlıq nümunələrindən ibarət sərgi də tədbir iştirakçılarının marağına səbəb olub.
Bayram tədbiri incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etdirilib. Şən musiqilər və rəqs nümunələri tamaşaçılarda xoş ovqat yaradıb.