Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda biznes təşəbbüslərinə dair yeni yanaşmalar müzakirə edilib

31 may 2025 | 21:53

30 May 2025-ci ildə Qusar Rayon İcra Hakimiyyətində Azərbaycan Biznesinin İnkişafı Fondunun məsul şəxsləri ilə görüş baş tutub. Qusar rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli iqtisadi potensialın daha səmərəli istifadəsi və dövlət dəstəyi mexanizmlərinin birbaşa sahibkarlara çatdırılması məqsədilə keçirilən görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, Azərbaycan Biznesinin İnkişafı Fondu İdarə Heyəti sədrinin müavini Osman Xaliyev, Fondun şöbə müdiri Rüstəm Əliyev, müvəkkil kredit təşkilatları və sahibkarlar iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə, o cümlədən Qusar rayonunda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitdən, bu sahəyə dövlət dəstəyindən bəhs edib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar regionlarda biznes mühitinin köklü şəkildə dəyişməsinə şərait yaradıb. Sahibkarlığın inkişafı yalnız iqtisadi deyil, eyni zamanda sosial əhəmiyyət daşıyır və məşğulluğun artırılması, yerli istehsalın gücləndirilməsi baxımından həlledici rol oynayır.
Tədbirdə çıxış edən Azərbaycan Biznesinin İnkişafı Fondunun məsul əməkdaşları Fondun məqsəd və fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Bildirilib ki, Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kreditlərlə dəstəkləməkdən ibarətdir. Güzəştli maliyyə alətləri vasitəsilə həyata keçirilən bu dəstək kiçik və orta biznesin inkişafını stimullaşdırır, yerli istehsalın rəqabət qabiliyyətini artırır. Görüşdə həmçinin Fondun sahibkarlığın inkişafına dair dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, müasir texnoloji yeniliklərə əsaslanan layihələr üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, yerli sahibkarların ixrac imkanlarının artırılması, yerli bazarlara inteqrasiyanın təşviqi, sahibkarların maarifləndirilməsi və məsləhət xidmətlərinin göstərilməsi kimi fəaliyyət istiqamətləri ətrafında ətraflı müzakirələr aparılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sahibkarlar belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, dövlət və özəl sektor arasında şəffaf, səmərəli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın regionların inkişafına töhfə verdiyini bildiriblər. Qeyd edilib ki, regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət proqramlarına inteqrasiyası, onların innovativ layihələrlə çıxış etməsi, yerli resurslara əsaslanan istehsalın gücləndirilməsi ölkənin iqtisadi sabitliyini və dayanıqlı inkişafını təmin edən əsas faktorlardan biridir.

Keçidlər