Qusarda cüdo üzrə turnirə start verilib
7 Aprel 2025-ci il tarixdə Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə idman sahəsində tanınan, cüdo idman növü üzrə Beynəlxalq dərəcəli idman ustası Kamran Məmmədovun şərəfinə U-15 cüdo üzrə oğlanlar arasında şəhərlərarası turnirinin açılış mərasimi baş tutmuşdur.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
Tədbirin əvvəlində Kamran Məmmədovun həyatı və idman sahəsində qazandığı nailiyyətləri ilə bağlı iştirakçılara ətraflı məlumat verilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev,
Dağıstan Respublikasının Azərbaycandakı rəsmi nümayəndəsi Əliyar Abdullayev,
Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Qumru Məmmədova,
Azərbaycan Cüdo Federasiyasının Prezidentinin müşaviri Natiq Bağırov,
Əməkdar məşqçi, Prezident təqaüdçüsü Əhməd Rəcəbli,
Polkovnik Rəşad Aslanov,
Olimpiya çempionu Nazim Hüseynov çıxışlarında Kamran Məmmədovun idman nailiyyətlərindən, dövlətimiz tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Kamran Məmmədov öz çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatçılara minnətdarlığını bildirib və təşkilatçılara təşəkkürnamələr təqdim edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməklə turnir açıq elan olunub və rəsmi hissə tamamlanıb. Musiqi ifaları və rəqslər nümayiş olunub. Yarışa start verilib. Yarış 7 və 8 aprel tarixlərini əhatə edəcək.