Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda gənc istedadların iştirakı ilə “Teatr və məktəb” müsabiqəsi keçirilib

31 may 2025 | 22:18

2025-ci ilin 1–25 may tarixlərində Qusar Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə məktəblilər arasında "Teatr və məktəb" adlı yaradıcı müsabiqə təşkil olunmuşdur. Təhsil və mədəniyyətin vəhdətinə əsaslanan bu layihə regionun istedadlı gənclərinin teatr sənətinə olan marağını stimullaşdırmaq, onların yaradıcılıq potensialını üzə çıxarmaq və milli-mənəvi dəyərlərimizi təbliğ etmək, həmçinin məktəblilərdə teatr sənətinə marağın artırılması, dram, rəqs, pantomim dərnəklərində iştirak edən şagirdlərə teatr mütəxəssisləri tərəfindən metodiki və peşəkar dəstəyin göstərilməsi məqsədini daşıyırdı. Layihə
çərçivəsində teatr sənətinin müxtəlif janrlarını əhatə edən nominasiyalar – dram janrı, pantomim hərəkətləri, milli rəqs və folklor nümunələri, xarici rəqslər üzrə iştirakçılar bacarıqlarını nümayiş etdirmişdir.
Tədbirin təşkilatçılığı peşəkarlıqla həyata keçirilmiş, müxtəlif məktəbləri təmsil edən şagirdlər həm öz istedadlarını sərgiləyib, həm də teatr mühiti ilə tanış olmaq imkanı əldə ediblər. İştirakçıların səhnə mədəniyyəti, obrazların canlandırılması, plastika və emosional ifadə bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
Müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılar I, II, III və həvəsləndirici yerlərə layiq görülərək, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Tədbir yalnız müsabiqə mərhələsi ilə yekunlaşmamış, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən konsert proqramı ilə davam etdirilmişdir. Tədbirin bu hissəsində uşaqlar üçün maraqlı musiqi və rəqs nömrələri təqdim olunmuş, balaca tamaşaçılar və tədbir iştirakçıları üçün xoş və yaddaqalan anlar yaşanmışdır.
Bu layihə Qusar Dövlət Ləzgi Dram Teatrının uşaq və gənclərin estetik tərbiyəsi, mədəni zövqünün formalaşması, teatr sənətinə marağın artırılması istiqamətində gördüyü işlərin uğurlu davamı kimi qiymətləndirilə bilər.

Keçidlər