Qusarda genişmiqyaslı təmizlik-abadlıq işləri davam etdirilir
03 iyul 2025 | 17:52
Müasir dövrdə ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafı ilə paralel şəkildə şəhərsalma, infrastruktur və ekoloji təhlükəsizlik sahələrində həyata keçirilən tədbirlər əhalinin sağlam həyat şəraitinin təmin edilməsinə xidmət edir. Qusar rayonu da bu istiqamətdə mütəmadi və məqsədyönlü fəaliyyəti ilə seçilir.
Rayon ərazisində təmizlik və abadlıq işlərinin yüksək səviyyədə təşkili, ətraf mühitin mühafizəsi, ictimai məkanların təmiz saxlanılması məsələləri daim rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə Qusar Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlar tərəfindən mütəmadi olaraq iməciliklər, ekoloji və təmizlik aksiyaları təşkil olunur. Rayonun müxtəlif ərazilərində həyata keçirilən bu tədbirlər çərçivəsində həm şəhər mərkəzində, həm də kənd yaşayış məntəqələrində ictimai istifadədə olan ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması və məişət tullantılarından təmizlənməsi istiqamətində kompleks işlər görülür.
Növbəti belə tədbir 2025-ci il iyulun 3-də Qusarçay çayının sahilboyu ərazisində təşkil olunub. Genişmiqyaslı təmizlik aksiyası çərçivəsində sözügedən ərazi məişət tullantılarından və müxtəlif növ ətraf mühitə zərər verə biləcək materiallardan təmizlənib. Bu məqsədlə keçirilən aksiyada əraziyə 5 iri tonnajlı yük avtomobili, 3 ekskavator cəlb olunub. Qusar Mənzil-istismar İdarəsi və Kommunal Müəssisələr Kombinatının 100-ə yaxın əməkdaşı, eləcə də könüllülər bu təşəbbüsə qoşulublar. Aksiya Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı, habelə digər müvafiq qurumların koordinasiyalı fəaliyyəti ilə həyata keçirilib.
Qeyd edək ki, 2024-cü il və cari ilin birinci yarısında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə əməkdaşlıq çərçivəsində rayon ərazisində bu formatda artıq 3 irimiqyaslı təmizlik və ekoloji aksiyanın icrası təmin olunub. Bu tədbirlər təkcə ekoloji mühitin qorunmasına deyil, həmçinin vətəndaşlarda ekoloji maarifləndirmə və ictimai məsuliyyət hissinin artırılmasına da xidmət edir.
Rayon ərazisində təmizlik-abadlıq işləri bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.






