Qusarda güclü yağışın fəsadları aradan qaldırılır-28.03.2026
28 mart 2026 | 18:19
Qusar rayonunda 27 mart tarixindən etibarən yağan intensiv yağışlar son bir sutka ərzində rayon ərazisində ciddi fəsadlara səbəb olmuşdur. Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artmış, sel suları bir sıra yaşayış məntəqələrində infrastruktur obyektlərinə və əhalinin təsərrüfatlarına ziyan vurmuşdur.
Mövcud vəziyyətlə əlaqədar olaraq rayonun 34 kəndində ümumilikdə 3300 abonent elektrik enerjisiz qalmışdır. Aidiyyəti qurumlar tərəfindən elektrik təchizatının bərpası istiqamətində operativ tədbirlər görülür və işlər davam etdirilir.
Sel sularının təsirindən Kuzun yoluna qayalıq ərazidən daş, çınqıl tökülməsi nəticəsində Suvacal yolu bağlanmış, Mucuq və Suvacal kəndlərində yerləşən körpülərin giriş-çıxış hissələri, həmçinin Çətkün kəndinə gedən avtomobil yolu yuyularaq yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkəti üçün keçilməz olmuşdur. Eyni zamanda Piral, Kuzun və Əniq kəndlərinin daxili yolları ciddi zərər görmüş, bir neçə kənddə fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basmışdır. Quxuroba və Gedəzeyxur kəndlərində isə bəzi evlərin birinci mərtəbələrinə qədər su dolmuşdur.
Sel suları Ukur çayının kənarında, Həzrə kəndində yerləşən dəyirmanın ətrafını yuyaraq təhlükəli vəziyyət yaratmış, Gündüzqala çayından gələn sular isə Quxuroba kəndi ərazisində əkin və bağ sahələrinə dolaraq kənd təsərrüfatına ziyan vurmuşdur. Hil kəndində də çay kənarlarında torpaq yuyulması prosesi müşahidə edilir.
Baş vermiş təbii hadisə nəticəsində qaz təsərrüfatına da ziyan dəymişdir. Belə ki, Gündüzqala kəndi ərazisində diametri 57 mm olan qaz xəttinin çay yatağından keçən hissəsi sel suları tərəfindən yuyulduğuna görə 85 abonentin qaz təchizatı dayandırılmışdır. Quxuroba kəndində isə diametri 76 mm olan qaz xəttinin zədələnməsi nəticəsində 200 abonent qazsız qalmışdır.
Quxuroba kəndində sel sularının bir fərdi yaşayış evinə dolması nəticəsində 9 nəfərdən ibarət (6 uşaq, valideynlər və nənə) ailə təhlükəsizlik məqsədilə evdən çıxarılaraq müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülmüşdür.
Bundan əlavə, güclü yağışlar şəhərin su təchizatı sisteminə də təsir göstərmişdir. Belə ki, su qəbuledici qurğuların (drenaj sistemlərinin) üzərinə sel sularının çıxması nəticəsində magistral su xəttinə bulanıq su daxil olmuşdur. Hazırda həmin xətlərdəki çirkli suyun boşaldılması və sistemin təmizlənməsi istiqamətində işlər aparılır və yaxın vaxtlarda su təchizatının tam bərpası gözlənilir.
Hazırda rayon ərazisində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür. Ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunmuşdur. Lakin bəzi yerlərdə suyun səviyyəsinin yüksək olması texnikanın çay yataqlarına daxil olaraq tam gücü ilə işləməsinə müəyyən çətinliklər yaradır. Ümumilikdə, vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.






