Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik" dərslərinin növbəti məşğələsi keçirilib (11.06.2025)

12 iyun 2025 | 12:29
Qusar rayonunda Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin dərindən öyrənilməsi, onun dövlətçilik fəlsəfəsinin gənc nəslə aşılanması məqsədilə Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının nəzdində təşkil olunan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” adlı silsilə maarifləndirici dərslərin 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş növbəti məşğələsi keçirilib.
Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu kimi fəaliyyətinə, 1993-cü ildən başlayaraq ölkədə sabitliyin bərpası, iqtisadi islahatların həyata keçirilməsi, hüquqi dövlətin qurulması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlara diqqət çəkərək bildiriblər ki, Heydər Əliyev siyasi məktəbi sadəcə bir idarəçilik modeli deyil, həm də milli ideoloji sistem, strateji düşüncə və siyasi uzaqgörənliyin nümunəsidir.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Vətən müharibəsi qazisi İlkin Abıyev və digər natiqlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi sahəsində misilsiz xidmətlərindən bəhs edərək, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd edilib ki, Heydər Əliyev siyasi məktəbi bu gün də aktual olaraq, dövlət idarəçiliyinin təməl prinsiplərini, liderlik fəlsəfəsini və milli maraqlara əsaslanan xarici siyasət konsepsiyasını öyrənmək üçün mühüm qaynaq rolunu oynayır.
Məşğələnin sonunda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb. Sonda qeyd olunub ki, bu cür maarifləndirici xarakterli görüşlər, xüsusilə də gənc nəslin nümayəndələri ilə aparılan birbaşa dialoq, onların milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri barədə məlumatlılığını artırmaqla yanaşı, gələcəkdə öz vətəndaş mövqelərini daha möhkəm əsaslar üzərində qurmasına mühüm töhfə verir.
Keçidlər