Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda ilk dəfə “Mini Sumo” kateqoriyasında robototexnika yarışı təşkil olunub

03 avqust 2026 | 09:48
 
Qusar rayonunda innovativ təhsil və texniki yaradıcılıq sahəsinə maraq ildən-ilə genişlənir. Avqustun 1-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü və rayonda fəaliyyət göstərən "Kavkaz" Robototexnika Məktəbinin təşkilatçılığı ilə ilk dəfə “Mini Sumo” kateqoriyası üzrə robototexnika yarışı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə məktəbin yetirmələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Ardınca Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov qeyd edib ki, bu cür intellektual yarışların keçirilməsi gənclərin mühəndislik təfəkkürünün inkişafına, onların komanda şəklində fəaliyyət və problem həll etmə bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Sektor müdiri bildirib ki, bu gün robototexnika gələcəyin əsas istiqamətlərindən biridir və bu sahəyə maraq göstərən gənclərin dəstəklənməsi prioritet məsələlərdəndir.
Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev çıxışında vurğulayıb ki, XXI əsr elmi-texniki tərəqqinin və innovasiyaların əsridir. Qusar rayonunda da dövlətin gənclər siyasəti məhz bu prioritetlər üzərində qurulur. Rayon rəhbərliyi tərəfindən gənc nəslin müasir bilik və bacarıqlara yiyələnməsi, xüsusilə də texnologiya və mühəndislik sahələrinə marağının artırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Ceyhun Hacıyev qeyd edib ki, “Kavkaz” Robototexnika Məktəbinin fəaliyyəti bu sahədə atılmış uğurlu addımlardan biridir. Çünki, bu məktəbin fəaliyyəti Qusar gəncliyinin gələcəkdə mühəndislik, İT və yüksək texnologiyalar sahəsində ixtisaslı kadr kimi yetişməsinə etibarlı zəmin yaradır. Sonda Ceyhun Hacıyev bildirdi ki, rayon rəhbərliyi tərəfindən belə təhsil müəssisələrinin fəaliyyəti bundan sonra da davamlı şəkildə dəstəklənəcək. Çünki məhz bu cür təşəbbüslər sayəsində ölkəmizin texnoloji inkişafına töhfə verəcək yeni nəsil formalaşır.
Tədbirdə söz alan “Kavkaz” Robototexnika Məktəbinin dəstəkçisi Rauf Kişiyev və məktəbin müəllimi David Əliyev mərkəzin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirdi ki, əsas hədəf uşaq və yeniyetmələrdə texnologiyaya marağı artırmaq, onlarda məntiqi və alqoritmik düşüncəni inkişaf etdirməkdir. Qeyd edilib ki, bu gün yarışda iştirak edən hər bir şagird artıq müəyyən mühəndislik biliklərinə yiyələnib. Müəllim vurğuladı ki, bu sahədə Qusar rayonu respublika səviyyəli yarışlarda da uğurla təmsil olunur.
Tədbir iştirakçıları sırasında olan valideynlər də öz ürək sözlərini bölüşdülər. Onlar övladlarının asudə vaxtlarının səmərəli təşkil olunması, müasir biliklərə yiyələnməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər.
Rəsmi hissədən sonra yarışlara start verildi. “Mini Sumo” kateqoriyası üzrə keçirilən gərgin mübarizədə şagirdlər tərəfindən hazırlanmış robotlar texniki bacarıqlarını nümayiş etdirdilər. Yarışın yekununda fərqlənən komandalar diplom və medallarla mükafatlandırıldılar.
Keçidlər