Qusarda işaxtaranlar üçün növbəti əmək yarmarkası təşkil edilib
23 may 2025 | 17:35
Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas istiqamətlərindən biri də əhalinin səmərəli məşğulluğunun təmin olunmasıdır. Əmək yarmarkalarının təşkili bu istiqamətdə reallaşdırılan uğurlu tədbirlərdən biridir.
Əhalinin məşğulluğunun artırılması, işaxtaran və işsiz şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə 23 may 2025-ci il tarixdə Qusar rayon Heydər Əliyev Mərkəzində növbəti əmək yarmarkası təşkil edilib. Yarmarkada 9 işəgötürən müəssisə tərəfindən 83 vakansiya təqdim olunub.
Əmək yarmarkasında iştirak edən 200 nəfərə mövcud vakansiyalar, məşğulluq proqramları, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib. İştirakçılar təklif olunan iş yerləri ilə tanış olublar.
Əmək yarmarkalarının təşkili əmək bazarının şəffaf və effektiv fəaliyyətinə, işsizliyin azaldılmasına, iqtisadi və sosial sabitliyin möhkəmləndirilməsinə yönəlmiş kompleks tədbirlər planı olaraq, vətəndaş rifahının yüksəldilməsi və insan kapitalının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.






