Qusarda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib
13 iyun 2025 | 20:45
15 İyun – Milli Qurtuluş Günü ölkəmizin bütün bölgələrində olduğu kimi, Qusar rayonunda da geniş şəkildə qeyd olunub. Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, rayonun mədəniyyət və təhsil müəssisələrinin təşkilatçılığı və fəal iştirakı ilə baş tutmuş silsilə tədbirlərdə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, 1993-cü ildə mövcud ağır ictimai-siyasi şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdışı və müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsaslarının qoyulması və bu siyasətin uğurla davam etdirilməsi ilə bağlı geniş çıxışlar edilmiş, tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
12 iyun 2025-ci il tarixdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mədəniyyət Mərkəzinin kənd klub müəssisələrinin təşkilatçılığı ilə rayonun bir sıra kəndlərində 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilmiş, bayram konsertləri təşkil edilmişdir. Kənd klub kollektivləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri, vətənpərvərlik ruhunda ifalar, şagirdlərin ifasında səsləndirilən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Rayonun ümumtəhsil müəssisələrində təşkil olunan tədbirlərdə şagirdlərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, 1990-cı illərin mürəkkəb ictimai-siyasi reallıqları, müstəqil dövlət quruculuğunun əsas mərhələləri ilə bağlı ətraflı məlumat verilmişdir. Gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi dəyərlərə hörmət və dövlətçilik ideyalarının təbliğinə xidmət edən tədbirlər çərçivəsində inşa yazı və rəsm müsabiqələri, dəyirmi masa və sərgilər təşkil edilmiş, 15 İyun tarixinə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.