Qusarda minlərlə idmansevər “Zirvəyə Doğru Qaçış" yarışında güclərini sınayıblar
28 may 2026 | 17:05
28 May – Müstəqillik Günü Qusar rayonunda 2026-cı ildə də idmanın və milli birliyin bayramına çevrildi. Şəhərdə keçirilən “Zirvəyə Doğru Qaçış" adlı kütləvi qaçış yarışı minlərlə insanın iştirakı ilə əsl bayram ab-havası yaratdı.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qusar Rayon İcra Hakimiyyəti, Azərbaycan Atletika Federasiyası, “METAK” şirkəti və digər qurumların birgə təşkilatçılığı ilə keçirilən yarış həm sağlam həyat tərzinin təbliği, həm də milli birlik və xeyriyyəçilik ideyalarının təşviqinə xidmət edirdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qusar şəhərində abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan yarışın əvvəlində təşkilatçı-sponsor qurumlar barədə məlumat verilib. Qeyd edilib ki, bu tədbir təkcə idman yarışı deyil, həm də sağlam həyat tərzinin təbliği, sosial həmrəylik və xeyriyyəçilik dəyərlərinin birləşdiyi mühüm bir ictimai platformadır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayon əhalisini, iştirakçıları və qonaqları salamlayaraq, belə genişmiqyaslı tədbirin Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib, Müstəqillik Gününün tarixi əhəmiyyəti haqqında məlumat verib. İcra başçısı qeyd edib ki, Qusar təkcə təbiəti və mədəniyyəti ilə deyil, digər sahələrdə olduğu kimi idman sahəsində də fəallığı ilə seçilir. Ölkəmizdə aparılan uğurlu gənclər və idman siyasətinin nəticəsidir ki, Qusarın yetirməsi olan idmançılarımız bu gün respublika və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Rayon rəhbəri yarışın təşkilatçılarına təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb və “Zirvəyə Doğru Qaçış" yarışının ötən il də Qusarda böyük təntənə ilə keçirildiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov çıxışında ölkəmizdə idmanın inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi roluna toxunaraq qeyd edib ki, bu günkü idman siyasətinin təməli məhz həmin illərdə qoyulub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Belə kütləvi tədbirlərin bölgələrdə keçirilməsini təqdirəlayiq hesab edən natiq, rayon rəhbərliyinə və digər təşkilatçılara göstərilən dəstək və yüksək təşkilatçılıq üçün təşəkkür edərək qeyd edib ki, Gənclər və İdman Nazirliyi də belə təşəbbüsləri dəstəkləməyə davam edəcəkdir.
“METAK” şirkətinin təsisçisi Alik Kərimov yarışın təşkilinə dəstək göstərməkdən məmnunluq duyduqlarını bildirib və bu cür layihələrin davamlı olmasının önəmini vurğulayıb, gənclərə müraciətində onları zərərli vərdişlərdən uzaq durmağa, idmanla məşğul olmağa və ən əsası Vətənə layiqli övlad olmağa çağırıb.
İki məsafə üzrə – 11 km və 22 km – təşkil olunmuş yarışda təkcə Qusar rayonundan və ətraf bölgələrdən deyil, Bakı şəhərindən və xarici ölkələrdən gələn 1000-dən çox idmançı öz güclərini sınayıblar.
Gərgin mübarizədən sonra müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Mükafatlandırma mərasimində qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.






