Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Regional Cüdo Təlim Mərkəzi istifadəyə verildi

30 avqust 2024 | 19:54

2024-cü il avqust ayının 30-da Qusar Olimpiya İdman Kompleksində Regional Cüdo Təlim Mərkəzinin açılışı olmuşdur. Təlim mərkəzinin açılışında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, cüdo üzrə olimpiya çempionları Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev, dünya çempionu Elxan Məmmədov və digər rəsmi qonaqlar iştirak etmişdir.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək, yeni təlim mərkəzinin regionun idman potensialını daha da gücləndirəcəyini vurğulamış, rayonda cüdo idman növünün sürətlə inkişaf etdiyini  bildirmiş, dünya və olimpiya çempionlarının tədbirdə iştirakından məmnunluğunu ifadə etmişdir. RİH başçısı öz çıxışında dövlətin idman sahəsinə olan dəstəyindən, Qusarda idman sahəsində əldə edilən nailiyyətlərdən danışaraq demişdir: “Yeni mərkəz gənc nəslin sağlam və idmançı ruhda böyüməsinə, onların beynəlxalq arenalarda uğur qazanmasına şərait yaradacaq. Bu təlim mərkəzi yalnız Qusar  üçün deyil, eyni zamanda bütün region üçün böyük bir qazancdır. Burada yerli gənclər standartlara uyğun şəraitdə məşq edəcək və öz istedadlarını inkişaf etdirəcəklər”.

 Mərasimdə çıxış edən digər natiqlər Qusar Regional Cüdo Təlim Mərkəzində peşəkar məşqçilər tərəfindən təşkil olunan ustad dərsləri və təlimlərdən təkcə Qusarın yox, Qusar bölgəsi və ətraf rayonlardan olan cüdo həvəskarlarının da yararlana biləcəklərini bu baxımdan Təlim Mərkəzinin Regional statusu daşıdığını qeyd etmiş, belə bir idman mərkəzinin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü ifadə etmişlər. Daha sonra Qusar Regional Cüdo Təlim Mərkəzi ilə tanışlıq başlayıb. Məlumat verilib ki, Mərkəz cüdo zalından, məşqçi və paltardəyişmə otaqlarından ibarətdir. RİH başçısı cüdo mərkəzinə toplaşmış bütün idmançılara uğurlar diləyib.

Sonda yeniyetmə cüdoçularla xatirə fotosu çəkilib.

Keçidlər