Qusarda şəhidlərin xatirəsinə ehtiram: "Şəhidlərin Xatirə Guşəsi" ictimaiyyətə təqdim olundu
12 iyul 2025 | 18:10
12 iyul 2025-ci il tarixində Qusar şəhərinin Heydər Əliyev prospektində, Qusar şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış "Şəhidlərin Xatirə Guşəsi" ilə tanışlıq baş tutub.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov çıxışında şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, onların göstərdiyi rəşadət və fədakarlıqdan, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. "Şəhidlərin Xatirə Guşəsi" haqqında ətraflı məlumat verən rayon rəhbəri qeyd edib ki, guşədə torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş 115 nəfər şəhidin portreti yer alıb.
Daha sonra Milli Məclisin deputatı Azər Badamov çıxış edərək, bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz xalqımızın qürur mənbəyi, milli iradənin və sarsılmaz birliyimizin rəmzidir. Onların əziz xatirəsinin daim uca tutulması, göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə örnək kimi çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Deputat bu cür xatirə guşələrinin yaradılmasını vətənpərvərlik ruhunun yaşadılması baxımından mühüm addım kimi dəyərləndirib.
Tədbirdə həmçinin Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov, şəhid Babək Ramaldanovun atası Meyvəddin Ramaldanov da çıxış edərək, övladlarının Vətən uğrunda şəhid olmasının həm bir valideyn, həm də bir vətəndaş olaraq onlar üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Bildirilib ki, şəhidlərin xatirəsinin belə nümunəvi və dəyərli təşəbbüslərlə yaşadılması, onların keçdiyi şərəfli yolun gələcək nəsillərə çatdırılması dövlətin şəhid ailələrinə göstərdiyi diqqətin bariz göstəricisidir. Valideynlər yaradılan xatirə guşəsini şəhidlərin ruhuna ehtiramın təzahürü kimi dəyərləndirərək, bu təşəbbüsə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində, “Şəhidlərin Xatirə Guşəsi”nin ərsəyə gəlməsində göstərdiyi xüsusi dəstəyə görə sahibkar Əliquliyev Natiq Sultanəli oğluna Qusar Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialı tərəfindən Təşəkkürnamələr təqdim olunub.
Sonda tədbir iştirakçıları şəhidlərin xatirəsini ehtiramla yad edib, xatirə şəkli çəkdiriblər.






