Qusarda səyyar görüşlər davam etdirilir
23 oktyabr 2024 | 16:20
Bu gün dövlət siyasətinin əsasında duran vətəndaş amili Qusar rayonunda da əsas götürülür. Vətəndaşların müraciətlərinin dinlənilməsi, onları narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə vətəndaşlarla səyyar görüş-qəbulların keçirilməsi vətəndaş məmnunluğuna xidmət edir.
Bu qəbildən olan növbəti səyyar görüş Qusar rayonunun Yasaboba kəndində keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı, RİHB Aparatının məsul şəxsləri, idarə, təşkilat, xidmət sahəsinin rəhbərləri, müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar öz problem və təkliflərini səsləndiriblər.
Yasaboba kənd məktəbinin həyətində baş tutan görüşdə vətəndaşlar torpaq sahəsinin ayrılması, kəndin bəzi yollarının asfaltlanması, mavi yanacaqla təminat, yük maşınlarının keçməsi üçün alternativ yolun tikilməsi, XIX əsrə aid məscidin təmiri, kənd mədəniyyət evinin tikintisinin 2006-cı ildən bəri yarımçıq qalması kimi problemlərlə bağlı müraciətlərini edib və kənddə idman zalının tikintisi ilə bağlı təkliflərini irəli sürüblər.
Görüş zamanı RİH başçısı tərəfindən sakinlərin təklif və müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək son zamanlarda rayonda görülən abadlıq-quruculuq işlərinə və vətəndaşların problemlərinin həlli istiqamətində görülən işlərə görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.