Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda “Şimalda Qadın Sahibkarlığına Yeni Nəfəs” forumu keçirilib

11 iyul 2025 | 18:46
 
Tədbir qadın sahibkarlığının təşviqi, uğurlu biznes təcrübələrinin paylaşılması və yeni təşəbbüslərin stimullaşdırılması məqsədilə dövlət qurumları, qeyri-hökumət təşkilatları, biznes nümayəndələri və yerli qadın resurs mərkəzi arasında əməkdaşlıq ruhunda təşkil olunmuş mühüm platforma kimi yadda qalıb.
Tədbirdən qabaq iştirakçılar tərəfindən ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Forum çərçivəsində Qusar şəhərinin General Mahmud Əbilov adına Mərkəzi Meydanında qadın sahibkarların istehsal etdiyi məhsullardan ibarət sərgi nümayiş etdirilib. Sərgidə kənd təsərrüfatı məhsulları, qida sənayesi nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, geyim və əl işləri geniş spektrdə təqdim olunub. Daha sonra iştirakçılar üçün rəqs kollektivinin ifasında yerli rəqs nümunəsi təqdim edilib.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov forum iştirakçılarını, qonaqları salamlayaraq qadın sahibkarlığının təşviqinə və qadınların iqtisadi fəallığının artırılmasına xidmət edən belə təşəbbüslərin regionların inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Ölkədə qadın sahibkarlığının inkişafına dövlət tərəfindən göstərilən sistemli dəstəyə toxunan icra başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. İcra başçısı eyni zamanda dövlət başçısının tapşırığı və maliyyə dəstəyi ilə rayonda bir sıra infrastruktur layihələrinin icra olunduğunu bildirib. Bu konteksdə Bənövşə gölünün bərpası, həmçinin Qusar rayonunun yol infrastrukturunun yenilənməsi istiqamətində vəsaitin ayrılması ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva qadınların iqtisadi və sosial həyatda fəallığının artırılmasının əhəmiyyətini vurğulayıb. O, Assosiasiyanın regionlarda qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirdiyi layihələr, göstərilən dəstək mexanizmləri və əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.
Forumun “Qusar rayonunda qadın sahibkarlığının inkişafı yolları” mövzusunda birinci panelində Assosiasiyanın sədr müavini Jalə Əmirbəyova, PR Büronun müdiri İlqar Hüseynov, “Vyana Şokolad Evi”nin təsisçi rəhbəri Pərvanə İsgəndərova, turizm üzrə ekspert Həvva Səfərova, eləcə də Qusar Qadın Resurs Mərkəzinin rəhbəri Kamilə Nəcəfova şəxsi inkişaf və uğur hekayələrini bölüşərək, qadınların biznes mühitində qarşılaşdıqları çağırışlara və onların həlli yollarına dair praktiki yanaşmalar təqdim edib, təkliflər irəli sürüblər. Çıxışlar zamanı uğurlu PR strategiyasının qurulması, brend tanıtımı, yerli məhsulların bazara çıxarılması, sosial şəbəkələrdə satış kanallarının yaradılması ilə bağlı tövsiyələr səsləndirilib, nümunələr təqdim olunub.
Forumun növbəti mərhələsi “Kiçik və Orta Sahibkarlığa Dövlət Dəstək Mexanizmləri” adlı ikinci panel müzakirəsi olub. Panelin moderatorluğunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva həyata keçirib.
Panel müzakirəsində çıxış edən Dövlət Məşğulluq Agentliyinin Quba–Xaçmaz Regional Məşğulluq Filialının müdiri Cəfər Cəfərov, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba–Xaçmaz İqtisadi Rayon nümayəndəsi Rahil Qurbanov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş məsləhətçisi Xələf Babayev, Rabitəbank Qusar filialının müdiri Asim Mikayılov qadınların iqtisadi təşəbbüslərinin dəstəklənməsi, məşğulluq imkanlarının artırılması, kənd təsərrüfatı və maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi istiqamətində mövcud dövlət mexanizmləri barədə məlumat veriblər. Eyni zamanda sahibkar qadınlara özünüməşğulluq proqramları və mikro-maliyyə alətləri ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
Tədbirin yekununda forumda iştirak edən qadın sahibkarlar özlərinin təmsil etdikləri qurumlar adından Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanova təşəkkür əlaməti olaraq hədiyyələr təqdim ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər